“Forbes” jurnalı Ruben Vardanyanın Ermənistana və Qarabağa xərclədiyi pullar haqda məlumat yayıb.
2022-ci ildə o, Qarabağda yaratdığı qondarma “biz və bizim dağlar agentliyi” vasitəsilə təxminən 900 min dollar pul xərcləyib. Ruben 2001-ci ildən 2023-cü ilə qədər – 22 il ərzində Ermənistana və Qarabağa “xeyriyyə” adı altında ümumilikdə 700 milyon dollardan çox “sərmayə” qoyub.
Vardanyanın bu qədər pul xərcləməsinin əsas məqsədi “xeyriyyə” adı altında çirkli pulların yuyulması idi. 44 günlük müharibədən sonra isə Ruben yatırdığı investisiyanı siyasi kapitala çevirmək planını işə saldı. Qarabağa köçməsinin səbəblərindən biri də bu idi və Xankəndidən İrəvana “artsax qəhrəmanı” olaraq getməyi, Ermənistanda Paşinyana qarşı mübarizədə siyasi müxalifətin yeni lideri olmağı düşünürdü. Lakin nə xərclədiyi pullar, nə də Rusiya və Avropadakı dostları Vardanyanı Bakı həbsxanasından xilas etmədi. Onun həbsindəki ən maraqlı detal – ehtimal isə Bakının Samvel Babayanı “yem kimi” istifadə etməsi idi.
Vardanyan hələ də xaricdəki “dostları”nın onu xilas edəcəyinə ümidini itirməyib, hərçənd, “dostları” haqda məlumatları Azərbaycan müstəntiqləri ilə həvəslə paylaşdığına dair məlumatlar da var. Bu baxımdan, onun istintaqının nəticələri və məhkəməsi beynəlxalq miqyaslı səs-küyə səbəb ola bilər.