Xərçəngdən əziyyət çəkən Əməkdar artist: “Yaşıdlarım arasında sağlam aktyor yoxdur”

0
886

ÖZƏL

“Sağlamlığımda problemlər hədsiz çoxdur. Nə birdir, nə də ki iki. Şikayətim ürəyimdən, təzyiqimdəndir. Şəkərim də yüksəkdir. Müalicələr alıram. Bu müalicələri ayaqda qalmaq üçün edirəm. Amma xəstəlikdən sağalmıram”.

Bu sözləri Oxu.Az-ın əməkdaşı ilə söhbətində 62 yaşlı Əməkdar artist Hicran Nəsirova deyib.

Sənətçi səhhətində yaranan ciddi problemlemlərdən danışıb:

“Uzun illərdir ki, süd vəzisi xərçəngi ilə mübarizə aparıram. Hər zaman qorxu içindəyəm. Səhhətimdə narahatlıq hiss edən kimi ilk növbədə bu xəstəliyimi müayinə etdirirəm. İllər öncə altı ay Moskvada xərçəngdən müalicə aldım. Bu ağır xəstəliklə bağlı problemlər üzə çıxan kimi yenidən Moskvaya uçub, müayinə olunuram. Amma Bakıda da müayinələrimi aparıram.

Əsəb, stress və gərginlik səbəbi ilə bir neçə il əvvəl evdə mikro infarkt keçirmişəm. Yaşıdlarım arasında bir nəfər də olsun sağlam aktyor yoxdur. Bu səhnədə canımız gedir. Gənc yaşlarımızdan bəri bu sənətə o qədər fanatlıq etmişik ki, özümüzə, canımıza qiymət verməmişik. Ona görə də yaşlaşdıqca bu vəziyyətə düşürük”.

Əməkdar artist karantin günlərindən də söz açıb:

“Karantində darıxdığım günlər də oldu. Yaxşı ki, çəkilişlərimiz bərpa olundu. Gedirəm, başım qarışır. Ünsiyyətdə oluram. İşlərimi görürəm”.

ATV və Xəzər televiziyasında yayımlanan seriallara çəkilən H.Nəsirova aldığı qonorardan şikayətçi olmadığını bildirib:

“Ata ocağı”, “Qız atası” kimi seriallara çəkilirəm. Bir müddət karantinə görə dayansa da, indi hər iki serialın çəkilişləri davam edir. Evdə qalıb, bir az dincəlib, yenidən çəkilişlərə gedirəm. Maliyyə baxımından pis deyil. Birtəhər dolanırıq. Aktyor səhnə ilə yaşayır. Aktyor səhnədən geri qalanda məhv olur ”.

Aktrisa çəkilişlər zamanı ara-sıra gənc həmkarlarına oyunları ilə bağlı iradlar bildirdiyini söyləyib:

“Gənc nəslin aktyorları ilə seriallarda çəkilirəm. Onların oyunundan narazı qalanda iradımı bildirirəm. Həm “Ata ocağı”, həm də “Qız atası” seriallarında bir ailə kimiyik. Gənc aktyorlar içində yaxşısı da var, zəifi də. Ad çəkib, kiminsə xətrinə deymək istəmirəm”.

H.Nəsirova rol aldığı serialları izlədiyini etiraf edib:

“Deyim ki, ardıcıllıqla oturub çəkildiyim seriallara baxıram, yalan olar. Çəkildiyim serialların hamısına baxa bilmirəm. Olur ki, “YouTube”dan izləyirəm. “Qız atası” həftədə bir dəfə efirə getdiyindən o seriala nəvəmlə bir yerdə baxıram. “Qız atası” serialına çəkiləndə işləməkdən çox, dincəlirəm. “Ata ocağı” gündəlik serial olduğundan ona vaxt ayırıb izləyə bilmirəm”.

Müsahibəsinin sonunda Əməkdar artist H.Nəsirova telekanallarda yayımlanan əksər verilişlərin plagiat olduğunu dilə gətirib:

“Şikayət etmək istəmirəm. O kanaldan bu kanala çevirirəm. Çox zaman isə verilişləri izləmirəm. Çünki bizdə verilişlərin və aparıcıların adları dəyişir, məzmunu isə eyni qalır. Özlərinin fantaziyası isə yoxdur. Türkiyə və Rusiyada yayımlanan verilişlərin təkrarını edirlər. Ona görə də o verilişlərə baxmaq maraqsızdır”.

Rəşad Əliyev