Xəbərdarlıq: Tramp dövründə ABŞ-də mətbuat azadlığı məhdudlaşdırılır

0
14

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) ABŞ-də mətbuat azadlığının aşınması ilə bağlı xəbərdarlıq edərək bütün ölkə üzrə xəbər redaksiyalarını müstəqil, faktlara əsaslanan jurnalistikaya qarşı artan “təhdid dalğası” ilə mübarizə aparmaq üçün vahid cəbhə yaratmağa çağırıb.

Prezident Donald Trampın rəhbərliyi altında ABŞ hökumətinin mətbuata münasibətini əks etdirən 100 günlük hesabatında CPJ administrasiyanı “ABŞ əhalisinin geniş təbəqələri üçün müstəqil və fakta əsaslanan xəbərlərin mövcudluğunu təhdid edən heyrətamiz sayda tədbir” almaqda ittiham edib.

“Demokratiya tənəzzül etdikdə ilk hücuma məruz qalanlar jurnalistlərdir və hazırkı ABŞ administrasiyasının fəaliyyəti hər bir jurnalist, hər bir xəbər redaksiyası və hər bir ABŞ vətəndaşı üçün təcili xəbərdarlıq siqnalı olmalıdır”, – CPJ-nin icraçı direktoru Codi Qinsberq hesabatda bildirib.

“Arxayın oturmaq və ya bu davranışları gözardı etmək zamanı deyil. Əgər anormal olanı normal qəbul etsək, bir çox başqa azadlıqlar təhlükə altında olacaq – siyasətinizdən asılı olmayaraq”, – Qinsberq əlavə edib.

CPJ hesabatda bildirib ki, Ağ evə ətraflı şərh sorğuları ilə müraciət olunsa da, lakin cavab verilməyib.

Dövlət Departamentinin mətbuat xidməti AzadlıqRadiosunun hesabatla bağlı şərh sorğusuna göndərdiyi cavabında bildirib: “Ümumilikdə, biz xarici qurumların hesabatlarına ictimai şəkildə qiymət vermirik”.

D.Trampın ikinci prezidentlik müddəti yanvarın 20-də başlayıb. CPJ-nin hesabatında qeyd olunub ki, həmin vaxtdan keçən 100 gün ərzində administrasiya bir sıra addımlar atıb. Bu addımlar isə əsas media orqanlarını Ağ evin artan təzyiqlərinə necə reaksiya verməli olduqları ilə bağlı qeyri-müəyyən vəziyyətdə qoyub. Nəticədə həm media sahibləri, həm də jurnalistlər “prezidenti razı salmaq, yoxsa çıxış və məlumat əldə etmək imkanını itirmək riski ilə üzləşmək” dilemması ilə üzləşiblər.

CPJ xüsusilə vurğulayıb ki, ölkə üzrə mətbuat azadlığına təhdid yaradan amillər sırasında Ağ evə çıxışı tənzimləyən prosedurların və “press pool”un tərkibinin dəyişdirilməsi, Federal Kommunikasiya Komissiyası (FCC) və digər tənzimləyici qurumların fəaliyyətində siyasi meyllərin artması, həmçinin Ağ evin ictimai yayımçılar olan NPR və PBS üçün dövlət maliyyələşməsinin dayandırılmasına dair çağırışları da yer alır.

Hesabatda bu təzyiqlərin “ən bariz” nümunələrindən biri kimi “Associated Press”in Ağ evin mətbuat tədbirlərinə buraxılmaması göstərilib. Xəbər agentliyi administrasiyanın Meksika körfəzini “Amerika körfəzi” adlandırmaq tələbindən imtina etdiyinə görə tədbirlərdən kənarlaşdırılıb.

Prezident Donald Tramp Ağ evdə jurnalistlərə danışır.
Prezident Donald Tramp Ağ evdə jurnalistlərə danışır.

“Ağ evin AP ilə davranışının başqa inandırıcı izahı yoxdur”

CPJ qeyd edib ki, məhkəmənin “Associated Press”in Birinci Düzəlişlə təmin olunan hüquqlarını tanıyan qərarına baxmayaraq, administrasiya agentliyin çıxış imkanlarını məhdudlaşdırmağa davam edir: Administrasiya “‘press pool”da oturacaq bölgüsünü siyasi tərəfdaş və ya simpatiya göstərən media orqanlarının xeyrinə manipulyasiya edir.

“Girişin məhdudlaşdırılmasından tutmuş, azad mətbuatın müstəqilliyinə hörmətin pozulmasına, media qurumlarının hədəfə alınmasından tutmuş, qisasla hədələnməyə qədər bu administrasiya artıq mediaya münasibətdə cəzalandırmaq və ya mükafatlandırmaq üçün öz gücünü tətbiq etməyə başlayıb”, – CPJ bildirib.

Ağ ev bəyan edib ki, prezidentə sual vermək hüququnun kimə və nə zaman veriləcəyinə qərar vermək onun öz səlahiyyətindədir və bu, nə Ağ ev müxbirlərinin, nə də uzunmüddətli ənənələrin müəyyən etdiyi bir məsələdir.

“Dövlətin “Associated Press”ə qarşı bu cür davranışına dair heç bir inandırıcı izahı yoxdur”, — bu ayın əvvəlində ABŞ Dairə Məhkəməsinin hakimi Trevor N.Makfadden qərarında yazıb. “Oval Ofis kimi ictimai olmayan məkanlarda belə, Konstitusiya fikir müxtəlifliyinə əsaslanan ayrıseçkiliyi qadağan edir”.

CPJ həmçinin Federal Kommunikasiya Komissiyasının CBS, NBC, ABC kimi böyük televiziya şəbəkələri və NPR və PBS kimi ictimai yayımçılar üzərində apardığı “siyasi ittihamlı” araşdırmalara diqqət çəkib. O bildirib ki, bu araşdırmaların əsaslandırılması “yalançı xəbərçilik iddialarından tutmuş, lisenziya müqavilələrinin pozulması barədə iradlara qədər” dəyişir.

CPJ həmçinin qeyd edib ki, ABŞ-də atılan addımlar yalnız ölkə daxilində deyil, xaricdə də təsir göstərib. Məsələn, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və ABŞ Qlobal Media Agentliyinin (USAGM) iflası həm ABŞ-də, həm də xaricdə minlərlə jurnalistin fəaliyyətini dayandırmasına və ya ləğv edilməsinə səbəb olub. “Bunlar Çin, Rusiya, Kuba və digər ölkələrdəki qeyri-demokratik hökumətlər tərəfindən alqışlanıb”.

Bu addımlardan təsirlənən bir çox yayımçı, o cümlədən AzadlıqRadiosu hökumətin maliyyə kəsintilərini “qanunsuz” hesab edərək məhkəmədə bu ixtisarlara qarşı mübarizə aparır və indiyədək verilən qərarlar onların xeyrinə olub.