Noyabrın 18-də Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində görkəmli caz ifaçısı, bəstəkar və caz-muğam üslubunun banisi Vaqif Mustafazadənin xatirəsinə konsert təşkil olunub.
Konsertin əvvəlində tədbir iştirakçılarına Vaqif Mustafazadənin həyat və yaradıcılığı haqqında məlumat verilib. Qeyd edilib ki, Vaqif Mustafazadə təkcə Azərbaycanda deyil, eləcə də dünya musiqi tarixində özünəməxsus yerə malikdir. O, Azərbaycan caz musiqisinin banisi və yeni caz üslubunun yaradıcısıdır, muğamı klassik Amerikan caz musiqisi ilə mükəmməl şəkildə sintez edərək caz-muğam üslubunu ərsəyə gətirib. Bir bəstəkarın təkbaşına yeni üslubu meydana gətirməsi nadir hadisədir.
Bildirilib ki, ölümündən qırx il zaman keçməsinə baxmayaraq, bu gün də Vaqif Mustafazadənin bəstə və improvizasiyaları həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda sevilir, onun yaradıcılığı yeni nəsil Azərbaycan caz ifaçılarının yetişməsində məşəl rolunu oynayır.
Avstriyada yaşayan caz pianoçusu Adrian Qaspar konsertdən öncə çıxış edərək, hələ gənc yaşlarından Vaqif və Əzizə Mustafazadələrin yaradıcılığının vurğunu olduğunu və öz yaradıcılığında onların əsərlərindən bəhrələndiyini qeyd edib. O, Vaqif Mustafazadənin xatirəsinə təşkil olunmuş konsertdə dahi cazmenin öz qrupu ilə məmnuniyyətlə çıxış etdiyini diqqətə çatdırıb. Caz qrupu xorvatiyalı vokalçı Aleksandra Namyesnikin ifasında Azərbaycan və Balkan ölkələrinin caz musiqisinə müraciət olunub.
Konsertdə pianoçu, bəstəkar və dirijor, beynəlxalq müsabiqələr laueratı Abuzər Manafzadə isə həm Vaqif Mustafazadənin, həm də özünün caz bəstə və improvizasiyalarını məharətlə ifa edib.