Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökumə əsasən, digər təqsirləndirilən – N.Məmmədov 6 il, B.İsmayılov, Ə.Vəliyev, N.Məmmədov, B.Fətullayev, T.Xəlilov, T.Tahirov, V.Orucov, T.Yaqubova, Ş.İbrahimov və N.Hacıyevə müəyyən sınaq müddəti seçilməklə şərti cəza verilib.
Hökmdə qeyd edilib ki, bütün təqsirləndirilən şəxslərin üzərinə müəyyən məbləğ ödəmək öhdəliyi qoyulub. Təqsirləndirlilən şəxslər həmin məbləği Medianın İnkişafı Agentliyinə ödəməlidirlər.
Eyni zamanda hökmdə göstərilib ki, V.Səfərli Bakının Xətai rayonunda, İsmayıllı rayonunda yerləşən fərdi yaşayış evi müsadirə edilib, bank hesabına həbs qoyulub.
Bundan başqa, N.Məmmədovun torpaq sahələri, Ə.Vəliyevin Mətbuat prospektində yerləşən çoxmərtəbəli yaşayış binası və digər daşınmaz əmlakları da müsadirə olunub.
Xatırladaq ki, hökmə əsasən, V.Səfərli cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Qeyd edilib ki, o, 3 il dövlət orqanlarında vəzifə tuta bilməz.
Qeyd edək ki, dövlət ittihamçısı V.Səfərlinin 11 il, B.İsmayılov 7 il, Ə.Vəliyev 7 il, N.Məmmədov 7 il, B.Fətullayev 2 il, T.Xəlilov 2 il, T.Tahirov 7 il, V.Orucov 2 il, T.Yaqubova 6 il şərti, Ş.İbrahimov 2 il və N.Hacıyevin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Xatırladaq ki, cinayət işi üzrə V.Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.
Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb.