Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin həbsi hazırda ən çox müzakirə olunan mövzulardan biridir. Baş Prokurorluğun yaydığı məlumat bu müzakirələri daha da aktuallaşdırıb.
Baş Prokurorluq Vüqar Səfərli ilə əlbir olan şəxslərin müəyyənləşdirilərək, istintaqa təhvil veriləcəyini bildirib. Bu, yeni həbslərin anonsu ola bilərmi?
Tanınmış hüquqşünas, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev Modern.az-a deyib ki, Vüqar Səfərlinin işini araşdıran istintaqın araşdırması nəticəsində onunla əlbir olanlardan kim hansı formada iştirak edib, rolun nədən ibarət olub, bilinəcək:
“Düşünürəm ki, biz istintaqın əmələ qiymət verməsini gözləməliyik. Çünki biz bilmədən kimisə ittiham edə bilmərik. Əgər mən və yaxud qeyri biri bilmədən kimisə günahlandırsaq, bu, istintaqın obyektiv iş aparmasına mane ola bilər.Baş Prokurorluq tərəfindən verilən açıqlamada deyilir ki, digər şəxslərlə bağlı araşdırmalar aparılacaq. Yəqin ki, digər şəxslərin də bu istiqamətdə ilkin əməllərinin olmana çübhələr var. Və həmin şəxslərin dairəsi müəyyənləşdirilib, məsuliyyətə cəlb olunması baş verə bilər. Amma konkret kimlərin məsuliyyətə cəlb olacağını bilmərik. Bunu istintaq orqanı müəyyənləşdirəcək”.
Ə.Nuriyevin qeyd edib ki, korrupsiya sövdələşməsi olursa, təbii ki, burada tək bir nəfərin iştirakı istisnadır.
Baş Prokurorluğun məlumatına görə, toplanmış ilkin sübutlar əsasında Vüqar Müzəffər oğlu Səfərli Cinayət Məcəlləsinin müvafiq olaraq 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313 (vəzifə saxtakarlığı) maddələrinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.