Vüqar Rəhimzadə: İki qardaş, müttəfiq ölkə Şərqi Zəngəzurun hava qapısını birgə açmaqla bu birliyin sarsılmazlığını nümayiş etdirdilər

0
181

Oktyabrın 20-də “Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının növbəti təntənəsi kimi dəyərləndirilən Zəngilan Beynəlxalq Hava Limanının iki qardaş ölkənin prezidentlərinin iştirakı ilə açılışı oldu. Beynəlxalq aləmin diqqəti Şərqi Zəngəzurdan dünyaya açılan hava qapısına yönəlməklə yanaşı, bu birliyin sarsılmazlığının, əbədiliyinin təqdimatı oldu. Dünya bir daha tarixi Zəfərimizdən sonra daha da möhkəmlənən Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının şahidinə çevrildi. Dövlət başçısı İlham Əliyevin mətbuata bəyanatında səsləndirdiyi “Türkiyə kimi qüdrətli ölkə bizim qardaşımızdır, bu, bizim üçün böyük xoşbəxtlikdir” fikri dünya ictimaiyyətinə ünvanlanan bir çağırışa çevrildi. İstər 30 illik işğal, istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmünaqişə dövründə Azərbaycan və Türkiyə dünyaya nümunə olan birliyi ortaya qoydular.
Ötən il Qarabağın tacı Şuşanın şahidliyi ilə imzalanan tarixi Şuşa Bəyannaməsi iki qardaş ölkənin münasibətlərinin gələcək inkişafının yol xəritəsi oldu. Sənədin müddəalarında qarşıdakı dövr üçün nəzərdə tutulan bütün məsələlər öz əksini tapdı. Türkiyə Prezidentinin ölkəmizə səfəri çərçivəsində işğaldan azad edilmiş ərazilərimizdə bu birliyin nümayişi olan mühüm addımların atılması da deyilənlərin təsdiqidir. Bir mühüm məqamı qeyd etmək istərdik ki, ötən il Qarabağın dünyaya açılan hava qapısı – Füzuli Beynəlxalq Hava Limanının açılışından sonra Azərbaycan və Türkiyə prezidentləri artıq sakinlərini qarşılayan Zəngilanın Ağalı kəndində görülən işlərlə tanışlıqdan sonra “Dost Aqropark”ın təməlini qoydular. Bu, iki müttəfiq ölkənin birgə həyata keçirdikləri investisiya layihəsidir. Onu da qeyd edək ki, Füzuli Beynəlxalq Hava Limanı da Azərbaycan və Türkiyə mütəxəssislərinin birgə səyləri nəticəsində tikilib istifadəyə verildi. Prezident İlham Əliyev tarixi Zəfərimizdən sonra işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərindən bəhs edərkən dost ölkələrin bu prosesdə iştirakında maraqlı olduğunu xüsusi qeyd etdi. O da məlumdur ki, bərpa-quruculuq işlərində Türkiyə şirkətlərinin fəaliyyəti xüsusi qeyd edilməlidir. Qardaş dövlətin başçısının budəfəki səfəri zamanı Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan rayonunda “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışında iştirak etdilər. Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin oktyabrın 20-də təməlqoyma mərasimi keçirildi və əraziyə 15 baş ceyran buraxıldı. Həmçinin iki dost ölkənin prezidentləri Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən hissəsində yerləşən Qumlaq stansiyasının təməlini qoydular. Hər zaman Azərbaycanın yanında olduğunu atdığı addımları ilə təsdiqləyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Dağıdılmış, yerlə-yeksan edilmiş bu bölgələr hazırda qardaşım İlham Əliyevin liderliyi ilə bənzərinə az rast gəlinən böyük bir inkişaf həmləsi ilə yenidən dirçəlir” fikirləri Azərbaycan Prezidentinin uğurlu siyasətinə dəstəyin, həmçinin birlikdə bu torpaqları cənnət məkana çevirmək istəyinin aydın ifadəsidir.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə diqqəti qardaş ölkənin Prezidentinin mətbuata bəyanatında yer alan bu mühüm məqama yönəldib ki, işğaldan azad edilmiş ərazilər bərpa-quruculuq işləri ilə yanaşı, eyni zamanda, erməni vəhşiliklərinin, vandalizmin nümayişidir. “İndi sağıma, soluma baxıram, işğal dövründə Cəbrayılı nə hala salmışlar”, – söyləyən Rəcəb Tayyib Ərdoğanın “Mən Qardaşımdan soruşdum, dedim, bu ATƏT, Avropa İttifaqı buraları gəlib görmədimi? Yox, gəlmirlər. Niyə gəlmirlər? Çünki öz üzqaralarını görəcəklər, Qərbin etdiklərini görəcəklər. Onlar burada dəstəklədikləri həmin işğal dövründə Cəbrayılı, Qarabağın digər bölgələrini nə hala gətirdiklərini görəcəklər. Təbii ki, bunları görmək istəmirlər. Əslində, onlar nələr törədildiyini bilirlər” fikirləri özündə bütün məqamları ehtiva edir. Bu baxımdan ki, istər 30 illik işğal, istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmünaqişə dövründə dünya erməni vəhşiliklərini, onların törətdikləri təxribatları görür. Amma susmaqla Ermənistana dəstəklərini ifadə edirdilər. Artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan ATƏT-in Minsk qrupunun bu illər ərzində fəaliyyətini Ermənistana dəstək istiqamətində qurduğu bütün addımlardan aydın görünürdü. Həm rəsmi Bakı, həm də rəsmi Ankara dəfələrlə ən yüksək tribunalardan ikili standartlara əsaslanan siyasətin qəbuledilməzliyini önə çəkərək buna son qoyulmasına bir çağırış edirdilər. Amma dəyişən nə oldu? Təbii ki, heç nə. Maraqların beynəlxalq hüququ üstələdiyi bir dünyada hər hansı məsələnin ədalətli həllini gözləmək mümkün deyil. Ən əsası bir halda ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri bəzən 1-2 saat ərzində icra edilir, Azərbaycana gəldikdə isə 28 il gözləməli oluruq, bu halda dünyanın, sözün əsl mənasında, hüquq problemini yaşadığını böyük əminliklə qeyd edə bilərik. Türkiyə Prezidentinin məlum bəyanatında bu kimi məqamlar öz əksini tapdı. Bəyan edildi ki, bu işləri mütləq ədalət mühakiməsinə verərək, bunların təzminatını tələb etmək lazımdır. Bunların təzminatını istəyərək onları dalana dirəmək lazımdır. Dünya Qərbi çox yaxşı tanımalıdır, hamımız birlikdə tanıtmalıyıq.
YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, hər zaman çıxışlarında Türkiyə və Azərbaycanın bölgəmizin təhlükəsizliyinin və sabitliyinin əsas aktorları olduğunun hamı tərəfindən qəbul edilməyə başlandığını xüsusi qeyd edən qardaş dövlətin başçısı bildirir ki, bu iki ölkənin qoşulmadığı, razı olmadığı və dəstək vermədiyi heç bir layihə hədəfinə çata bilməz. “Rəcəb Tayyib Ərdoğanın 2018-ci ildə “Star” neft emalı zavodunun açılışında səsləndirdiyi bu bəyanatı yada salaq. Türkiyənin və Azərbaycanın artıq bu gün tarixə qovuşan münaqişənin həlli istiqamətində göstərdiyi təşəbbüslərə beynəlxalq ictimaiyyətin daha səssiz qala bilməzliyini bəyan edən qardaş ölkənin Prezidenti o zaman demişdi: “BMT başda olmaqla regional və qlobal problemlərin həlli üçün qurulan təşkilatların bu səssizliyi onların özlərini də məhvə sürükləyir. Haqq-ədalət duyğusundan uzaq, içi boş olan beynəlxalq qurumun heç bir cəmiyyətin və şəxsin gözündə etibarı qalmaz. Biz, beynəlxalq ictimaiyyətin Qarabağ məsələsi başda olmaqla dünyada ortaya çıxan haqsızlıqlara “Dur!” deməsini gözləyirik”. Bu əminlik də ifadə edildi ki, Türkiyə və Azərbaycan olaraq biz istənilən vəziyyətdə və şərtlər altında inandığımız dəyərlər uğrunda apardığımız birgə mübarizəni davam etdirəcəyik. Allahın izni ilə bu müqəddəs mübarizəmizdə müvəffəqiyyət qazanacağıq”, – deyə V.Rəhimzadə qeyd edib.

“İkinci Qarabağ müharibəsində Türkiyənin siyasi və mənəvi dəstəyi ilə qazandığımız tarixi Zəfər əminliklə səsləndirilən bu bəyanatların reallıqda təsdiqidir”, – söyləyən Vüqar Rəhimzadə bildirib ki, bu gün hər yerdə gur səsləri birgə eşidilən, ədalətsizliyə, haqsızlığa qarşı birgə mübarizə aparan Azərbaycan və Türkiyə birliyi dünyaya nümunədir. Bu gün iki qardaş ölkənin bayraqları hər yerdə qoşa dalğalanır. Dövlətimizin başçısı İlham Əliyevin vurğuladığı kimi, bu, ürəkdən gələn duyğulardır, əcdadlarımızdan qalan mirasdır, onların vəsiyyətidir və zəmanəmizin tələbidir. Azərbaycan və Türkiyə hər zaman bir yerdədir və bir yerdə olacaq. Zəngəzur dəhlizi ilə bağlı narahatlıq keçirən dairələrə mesajlarını da çatdıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, həmçinin Azərbaycanın Ermənistana qarşı atdığı addımların, irəli sürdüyü təkliflərin bir məqsədi olduğunu bildirərək dedi: “Bölgəmizin firavan gələcəyini inşa etmək, açılan bu fürsət pəncərəsini yaxşı dəyərləndirmək lazımdır”.