Vüqar Həşimovun xatirəsinə həsr olunan superturnirin açılışı mərasimi olub – FOTO

0
307

Bakıda Azərbaycanın görkəmli şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq superturnirin açılış mərasimi keçirilib.

Dünyanın ən aparıcı şahmatçılarının qatıldıqları yarış iki ildən çox fasilədən sonra ilk dəfə Bakıda keçirilib.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti və FIDE-nin vitse-prezidenti Mahir Məmmədov, mərhum qrosmeysterin atası, turnirin Təşkilat Komitəsinin sədri Qasım Həşimov, Təşkilat Komitəsinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev, Avropa Şahmat İttifaqının prezidenti Zurab Azmayparaşvili və şahmatçılar iştirak ediblər.

Turnir çərçivəsində çıxış edən nazir Fərid Qayıbov mərhum qrosmeyster Vüqar Həşimovun bütün dünyada tanındığını, onun qısa, amma mənalı ömür yaşadığını deyib.

Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov isə növbəti turnirləri işğaldan azad edilmiş Qarabağda təşkil etmək istəklərini dilə gətirib.

O, turnirin davamlı keçirilməsində Prezidenti İlham Əliyevin böyük rolunun olduğunu deyərək, ona şahmat ailəsi adından minnətdarlıq edib. Federasiyanın prezidenti memorialın keçirilməsində rolu olan bütün qurumlara təşəkkür edib.

Vüqar Həşimovun atası, turnirin Təşkilat Komitəsinin sədri Qasım Həşimov bütün şahmatçıları salamlayıb. Q.Haşımov hazırkı turnirdə 3 iştirakçının dünya çempionluğu uğrunda qarşılaşmada norveçli Maqnus Karlsenə rəqib olduqlarını vurğulayaraq, bunu turnirin yüksək səviyyəli olmasından xəbər verdiyini söyləyib.

Daha sonra turnirin baş hakimi, AŞF-nin vitse-prezidenti Faiq Həsənov turnirin püşkatma mərasimini həyata keçirib.

Turnirdən fotoları təqdim edirik: