Vüqar Biləcərinin dəfnində iştirak edənlər saxlanıldı – Foto

0
1006

Avqustun 29-da Binəqədi rayonu Biləcəri qəsəbəsində vəfat edən meyxanaçı Vüqar Paşayevin (Vüqar Biləcəri) dəfn mərasimində ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi qaydalarının və sanitar-epidemioloji şərtlərin kütləvi surətdə pozulması halı qeydə alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə sosial şəbəkələrdə və KİV-lərdə həmin mərasimdən yayımlanmış görüntülərdə əks olunan 42 nəfər rayon Polis İdarəsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunub və onlar İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, məsuliyyətə cəlb olunublar.

Abşeron Rayon Polis İdarəsi əməkdaşları tərəfindən dəfn mərasimini idarə edən axund Ş.Pircanov və daha 20 nəfər saxlanılaraq rayon Polis İdarəsinə gətiriliblər. Onlar barəsində inzibati xəta haqında protokollar tərtib edilib, Ş.Pircanov 400 manat, digərləri isə 200 manat məbləğində cərimə olunublar.

Dəfn mərasimində yayılmış görüntülərdə əks olunan digər şəxslərin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.