“Siz dəfələrlə qeyd etmisiniz ki, Rusiya münaqişənin həllində mühüm rol oynayıb. Bizim sülhməramlı kontingentimiz öz missiyasını yerinə yetirir. Bu qiymətləndirmənizə görə sizə təşəkkür edirəm”.
Bunu Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Soçidə keçirdiyi təkbətək görüşü zamanı bəyan edib.
O, bildirib ki, bir qədər sonra başlayacaq üçtərəfli görüşün məqsədi 2020 və 2021-ci illərdə əldə edilmiş bütün razılaşmaların həyata keçirilməsini təmin etməkdir.
“Bu gün yaranmış vəziyyətdən danışmaq, hələ həll olunmamış məsələlərin həlli yollarını axtarmaq lazım gələcək. Bununla bağlı iqtisadi xarakterli mühüm komponenti də qeyd edərdim: Biz üçtərəfli işçi qrupu yaratmışıq, ona baş nazirlərin müavinləri rəhbərlik edir. İki il əvvəl haqqında danışdığımız məsələlərin həlli baxımından onlar kifayət qədər irəliləyiblər. Burada da, görünür, əlavə təkan vermək lazımdır. Mən bilirəm ki, Azərbaycan tərəfi bu istiqamətdə kifayət qədər fəal işləyir”, – deyə Putin qeyd edib.