Vitamin əlavələri optik sinirin zədələnməsini yavaşlada bilər

0
13

Qlaukomanın müalicəsində yeni ümidverici yanaşma vitamin əlavələri ilə bağlı aparılmış tədqiqat nəticələrinə əsaslanır. İsveçin Karolinska İnstitutunda aparılan araşdırma göstərir ki, müəyyən vitamin əlavələri optik sinirin zədələnməsini əhəmiyyətli dərəcədə yavaşlada bilər.

Nəticələr nüfuzlu “Cell Reports Medicine” jurnalında dərc olunub və hazırda bu istiqamətdə klinik sınaqlara başlanılıb. Qlaukoma – görmə sinirinin tədricən zədələnməsi ilə müşayiət olunan bir xəstəlikdir və uzunmüddətli perspektivdə görmə itkisinə, hətta korluğa səbəb ola bilər. Ənənəvi müalicələr əsasən göz daxilində təzyiqi azaltmağa yönəlib (göz damcıları, lazer və ya cərrahiyyə üsulları), lakin bu yanaşmalar bütün xəstələr üçün eyni dərəcədə effektiv deyil.

Karolinska İnstitutunun tədqiqatçıları uzun müddət “homosistein” adlı maddənin qlaukoma ilə əlaqəsini araşdırıblar. Lakin yeni araşdırmalar bu maddənin xəstəliyin səbəbi deyil, onun nəticəsi ola biləcəyini ortaya qoyur. Gəmiricilər üzərində aparılan təcrübələrdə yüksək homosistemin səviyyələrinin qlaukomanın gedişatına birbaşa təsir etmədiyi müşahidə olunub. Eyni zamanda, insan nümunələri üzərində aparılan analizlərdə də bu maddənin xəstəliyin irəliləyiş sürəti ilə əlaqəli olmadığı təsbit edilib. Tədqiqatçılar sonra homosisteinlə əlaqəli metabolik yolları araşdıraraq müəyyənləşdiriblər ki, qlaukoma zamanı tor qişada (retinada) bəzi vitaminlərin utilizasiya qabiliyyətində pozğunluq yaranır. Bu lokal maddələr mübadiləsi dəyişiklikləri xəstəliyin inkişafında mühüm rol oynaya bilər. Xüsusilə B6, B9 (fol turşusu), B12 vitaminləri və xolin əlavələrinin istifadəsi ilə aparılan təcrübələr maraqlı nəticələr verib. Gəmiricilərdə bu vitamin əlavələri optik sinirin zədələnməsini əhəmiyyətli dərəcədə ləngitdi, bəzi hallarda isə tamamilə dayandırıb. Diqqətəlayiq hal odur ki, bu təsir göz təzyiqinin müalicəsi aparılmadan müşahidə olunub, bu da həmin vitamin kompleksinin fərqli mexanizmlə – yəni maddələr mübadiləsinin dəstəklənməsi yolu ilə təsir göstərdiyini güman etməyə əsas verir.

Tədqiqatın aparıcı müəlliflərindən biri, Karolinska İnstitutunun Neyrologiya şöbəsinin əməkdaşı James Tribble bildirir ki, əldə olunan nəticələr klinik sınaqlara başlamaq üçün yetərincə ümidverici olub. Artıq Stokholmda yerləşən St. Erik Göz Xəstəxanasında ilkin klinik sınaqlara start verilib. Sınaqlara birincili açıq bucaqlı qlaukoma və psevdoeksfoliasiya qlaukoması olan xəstələr cəlb olunub. Bu tədqiqat vitamin əsaslı yanaşmaların qlaukomanın müalicəsində əlavə və ya alternativ vasitə kimi potensialını göstərir və gələcək müalicə protokollarının formalaşmasında mühüm rol oynaya bilər. Klinik sınaqların nəticələri, göz xəstəliklərinin müalicəsində daha fərdi və metabolik əsaslı yanaşmaların tətbiqinə yol aça bilər.