Vilayət Eyvazov: “Ötən il cinayətlərin 85 faizinin üstü açılıb”

0
447

2020-ci ildə ümumilikdə 26 004 cinayət qeydə alınıb ki, bu cinayətlərin 86,7 faizini böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil edib.

Bu sözləri Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazov bu gün nazirliyinin 2020-ci ildə cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini sahəsində fəaliyyətin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunan Kollegiya iclasında çıxışı zamanı deyib. 

V.Eyvazov məruzəsində ölkəmizdə cinayətkarlığa qarşı mübarizənin, asayişin və təhlükəsizliyin qorunması sahəsində fəaliyyətin digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqədə davam etdiridiyini, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayının 8 fakt azalaraq 257 olduğunu deyib. 

Nazir 2019-cu illə müqayisədə ötən il qəsdən sağlamlığa az ağır zərərvurma, mülkiyyət əleyhinə olan cinayətlərin, o cümlədən oğurluq, soyğunçuluq, quldurluq, dələduzluq, avtonəqliyyat vasitələrinin qaçırılması kimi cinayətlərin azaldığını vurğulayıb.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri ilə cinayətlərin 85,5 faizinin, eləcə də prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 310 cinayətin açılması təmin edilib.