Vilayət Eyvazov: “Müvəqqəti saxlama yerləri video nəzarət və təhlükəsizlik avadanlıqları ilə təmin olunub”

0
493

Vilayət Eyvazov: "Müvəqqəti saxlama yerləri video nəzarət və təhlükəsizlik avadanlıqları ilə təmin olunub"Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov avqustun 20-də Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri  xanım Elena Aymone Sesseranı qəbul edib.

Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, nazir daxili işlər orqanları ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi arasında əməkdaşlığın razılaşdırılmış Tədbirlər Planı və Azərbaycan Respublikası Prezidentinin 2 iyun 2000-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş Sazişə əsaslandığını xatırladaraq mövcud əlaqələrin inkişafını yüksək qiymətləndirib.

N.Eyvazov qeyd edib ki, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, qanunçuluğun möhkəmləndirilməsi, ona riayət olunması ölkəmizdə və o cümlədən DİN-də aparılan davamlı islahatların prioritet istiqamətlərindən olmaqla, bu sahədə bir sıra əməli tədbirlər həyata keçirilib. Belə ki, qəbul olunmuş yeni normativ sənədlərdə saxlanılan şəxslərin hüquqlarının müdafiəsi, hüquqi yardımdan istifadə edilməsi, şikayət və təkliflərin yuxarı instansiyalara verilməsi, habelə hüquq-müdafiə təşkilatlarının nümayəndələri və müstəqil ekspertlərlə maneəsiz görüşmək qaydaları və imkanları öz əksini tapıb. Eyni zamanda, saxlama yerlərinin fəaliyyətinin beynəlxalq normalara uyğun təkmilləşdirilməsi, saxlanılan şəxslərin hüquqlarının qorunması, onların saxlanma şəraitinin yaxşılaşdırılması istiqamətində konkret tədbirlər həyata keçirilib.

Qeyd olunub ki, DİN-in orqan və hissələrində fəaliyyət göstərən müvəqqəti saxlama təcridxanalarının demək olar ki, hamısında mövcud təlimatın tələblərinə və müasir standartlara uyğun əsaslı təmir işləri aparılıb, hamısı video nəzarət və təhlükəsizlik avadanlıqları ilə təmin olunub.

Nazir bildirib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin ölkəmizdəki nümayəndəliyinin xətti ilə 2003-cü ildən etibarən polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları üçün müxtəlif mövzular üzrə seminar və təlimlər keçirilib, bu təlimlərdə 700-dən artıq əməkdaş iştirak edib. O da qeyd olunub ki, korrupsiya hüquqpozmalarına şərait yaradan halların aradan qaldırılması, o cümlədən məmur-vətəndaş münasibətlərinin minimuma endirilməsi məqsədi ilə Daxili İşlər Nazirliyi tərəfindən vətəndaşlara 28 istiqamət üzrə elektron xidmət göstərilir.

Səmimi qəbula və ətraflı məlumata görə V.Eyvazova minnətdarlığını bildirən xanım Elena Aymone Sessera rəhbərlik etdiyi qurumun azadlıqdan məhrum etmə yerlərində apardığı işlər, keçirilən təlim kursları, eləcə də ölkəmizdə görəcəyi işlər barədə məlumat verib, Daxili İşlər Nazirliyi ilə əməkdaşlığın daha da genişlənməsində maraqlı olduqlarını qeyd edib.