Bu gün Muzey Mərkəzində VI “Alüminium” Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi çərçivəsində mətbuat konfransı keçirilib.
Dövlət Rəsm Qalareyasının direktoru Qalib Qasımov çıxışı zamanı layihələrin və əsərlərin nümayişinin noyabrın 25-dək davam edəcəyini bildirib.
Onun sözlərinə görə, hər gün saat 10:00-dan 18:00-dək sərgilərə giriş sərbəstdir: ”Bienalle çərçivəsində 17 ölkədən 40, Azərbaycandan isə 30-a yaxın rəssam iştirak edir. Biennallenin təşkilində məqsəd ölkəmizdə müasir incəsənətin inkişaf və təbliğidir. Həmçinin azərbaycanlı rəssamların əsərlərini xarici və yerli tamaşaçılara təqdim etməkdir. Bu 5 gün ərzində Muzey mərkəzində bir çox yerli və xarici rəssamların əsərləri nümayiş olunacaq”.
Biennalenin kuratoru Dilarə Vahabova VI ”Alüminium” Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi çərçivəsində Şirvanşahlar Sarayı, Muzey Mərkəzi, V.Səmədova adına Sərgi Salonu, İçərişəhərdəki Müasir İncəsənət Mərkəzi, “Qalereya 1969” və “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda sərgilər təşkil olunacağını bildirib.
Kurator biennaleyə qatılan rəssamlardan bir neçəsini təqdim edərək bildirib ki, əvvəlki illərə nisbətən bu dəfə ekspozisiyaların arasında performanslar çoxluq təşkil edir.
Qeyd edək ki, 2003-cü ildən etibarən ənənəvi olaraq Bakıda keçirilən “Alüminium” Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesində dünyanın onlarla ölkəsindən olan rəssamlar, sənətşünaslar, kuratorlar iştirak ediblər.