“Veysəloğlu” şirkəti barədə daha bir inzibati protokol tərtib edilib

0
557

Nizami Rayon Məhkəməsi “Veysəloğlu Yaycılı Qardaşlar” MMC-nin inzibati qaydada cərimələnməsi barədə qərar çıxarıb.

Şirkət Maliyyə Bazarlarına Nəzarət Palatasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü maddəsinə əsasən tərtib etdiyi protokola əsasən, 8750 avro (35000 avronun iyirmi beş faizi miqdarında) cərimə edilib. Qeyd edək ki, İXM-nin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyəti nəzərdə tutur.

Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Bakı şəhəri Nizami rayon Məhkəməsinin 14 may 2019-cu il tarixli qərarından “Veysəloğlu Yaycılı Qardaşlar” MMC tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılır.

Xatırladaq ki, “Veysəloğlu Yaycılı Qardaşlar” MMC-nin eyni inzibati xəta ilə bağlı 48 min 128 avro 68 sent (təxminən 91 min 444 manat ) cərimə edilməsi barədə daha bir məhkəmə qərarı olub və Bakı Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilib.

1994-cü ildən topdan satış mərkəzi kimi fəaliyyətə başlamış “Veysəloğlu” satış, distribüter və istehsal şirkətidir. 2001-ci ildən etibarən şokolad və karamel istehsalına başlayıb. Şirkətlər Qrupuna “Ulduz” şokolad fabriki də daxildir.