Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişikliklər hansı güzəştləri təqdim edir? AÇIQLAMA

0
293

1 yanvar 2022-ci il tarixindən etibarən Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər artıq Milli Məclisdə III oxunuşdan keçib və qanun layihəsində nəzərdə tutulan bəzi dəyişikliklərə müzakirələr nəticəsində yenidən dəyişikliklər edilib.

Bu barədə Bakı Hesabat Mərkəzinin direktoru, audit üzrə mütəxəssis Mehdi Babayev Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvləri və qazilər üçün müəyyənləşmiş yeni vergi güzəştlərinin mahiyyəti barədə danışarkən məlumat verib.

Milli Məclisin 3 dekabr tarixli iclasında III oxunuşda müzakirəyə çıxarılan Vergi Məcəlləsinə ediləcək dəyişikliklərdən danışan mütəxəssis bildirib ki, burada dəyişikliklərin əsas istiqamətlərindən biri də həmişə olduğu kimi sosial xarakterli güzəştlərdir və bu da konkret şəxslərin vergi yükünün azaldılması və ya tamamilə vergidən azad olunması deməkdir:

“Dəyişiklikdə şəhid olmuş hərbçilər, qazi və Vətən müharibəsi iştirakçıları, həmçinin hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edilmiş mülki şəxslər ilə bağlı müəyyən güzəştlər nəzərdə tutulur. Güzəştlərin istiqamətləri müxtəlifdir. Ən vacib istiqamətlərdən biri də onların sosial xarakter daşımasıdır. Əhalinin elə qrupları var ki, onlara sosial xarakterli güzəştlərin edilməsi labüddür”.

Mehdi Babayev vurğulayıb ki, məcəllədə hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edilmiş həm hərbi qulluqçuların, həm də mülki şəxslərin əldə etdiyi maddi yardımın 20 000 manatadək olan hissəsi gəlir vergisindən azad edilib:

“Şəhid olmuş şəxslərin ailə üzvləri də güzəştlərdən yaralana biləcəklər. Belə ki, şəhid olmuş şəxsin ailə üzvləri, o cümlədən onun həyat yoldaşı, valideynləri, övladları və qanunla nəzərdə tutlan digər ailə üzvlərinin əldə etdiyi maddi yardımın 20 000 manatadək olan hissəsi də gəlir vergisindən azad edilməsi nəzərdə tutulub. Ümumiyyətlə müharibə iştirakçılarının, həm şəhid olmuş, həm də qazilərimizin banklar və kredit təşkilatlarına olan kredit borclarının həmin təşkilatlar tərəfindən silinən həm əsas hissəsi, həm də faiz hissəsinin də gəlir vergisindən azad edilməsi də təklif olunub”.

O bildirib ki, müəyyən olunmuş dövlət orqanları tərəfindən ictimai və sosial məqsədlər üçün fondlar yaradılıb ki, həmin fondlara, məsələn “YAŞAT” Fonduna yardım şəklində öz dəstəyini göstərmək istəyən kifayət qədər biznes strukturları və fərdi sahibkarlar vardır:

“Bu strukturlar tərəfindən müvafiq fondlara pul şəklində yardımlar edilməsini stimullaşdıran müddəalar da nəzərdə tutulub. Belə fondlara köçürülən məbləğin tam hissəsi qədər vergiyə cəlb olunan mənfəət azaldılır və nəticədə müvafiq köçürmələri edən biznes sahələri büdcəyə ödəməli olan mənfəət və ya gəlir vergisini azaltmış olurlar.

Bu tip güzəştlərdə banklar da unudulmayıb. Kreditor borcların, o cümlədən kredit üzrə faiz borclarının silinməsi bankların vergi tutulan gəlirlərinə aid edilirdisə, artıq, şəhid və qazilərimizin kredit borclarına görə hesablanmış faizlərin silinməsindən bankın əldə etdiyi gəlirləri də dolyısı ilə mənfəət vergisinin hesablanmasında nəzərə alınmayacaq”