Vay-faylı və blutuzlu YENİ “Google Glass” EYNƏYİ – VİDEO

0
649
“Google” şirkəti “Google Glass” “ağıllı” eynəyinin yeni versiyasını təqdim edib.
“Glass Enterprise Edition 2” adlı modelin xarici görünüşü əvvəlki versiya ilə müqayisədə dəyişməz qalsa da, aparat və proqram təminatı baxımından yenilənib.
Eynək artıq “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyir ki, bu da qurğu üçün mobil əlavələrin yaradılması prosesini sadələşdirəcək. Eynəyin əsasını “Qualcomm” şirkəti tərəfindən dünyanın ilk genişləndirilmiş reallıq platforması (Extended Reality – XR) kimi təqdim edilən “Snapdragon XR1” prosessoru təşkil edir. Platforma xüsusilə süni intellekt vəzifələrinin həlli üçün yüksək məhsuldarlığı təmin edir, eləcə də avtonom iş vaxtını artırır.
Həmçinin videoçəkilişin keyfiyyəti yüksəldilib. Enerjinin toplanılması üçün “USB Type-C” portundan istifadə edilir. “Smith Optics” şirkəti ilə əməkdaşlıq sayəsində eynək bir sıra fəaliyyət növləri üçün aktual olan qoruyucu çərçivəyə malikdir.
“Google Glass Enterprise Edition 2” eynəyinin qiyməti 999 dollar təşkil edir. Pərakəndə satışa çıxarılmayacaq qurğudan biznes seqmenti nümayəndələri yararlana biləcəklər.
Qeyd edək ki, “Google Glass” eynəyi ilk dəfə 2011-ci ildə nümayiş olunub. Rəsmi təqdimat isə 2012-ci ilin ortalarında “Google” tərtibatçılarının konfransında baş tutub.
“Google Glass” eynəyinin başlıca xüsusiyyətlərindən biri istifadəçinin gözü qarşısında 640×360 piksel təsvir ölçüsünə malik bərkidilmiş ekrandır ki, bu da “Google” şirkətinin qiymətləndirməsinə görə, təxminən 2,5 metr məsafədə olan yüksək təsvir ölçülü 25 düymlü ekrana bərabərdir.
Quraşdırılmış 5 meqapikselli kamera 720p yüksək təsvir ölçülü videonu yazmağa imkan verir. Məlumat və əlavələrin saxlanılması üçün istifadəçi qurğudakı 16 giqabaytlıq yaddaşın 12 giqabaytından yararlana bilər. Akkumulyatorun enerjisi adi gərginlikdə bir gün kifayət edir, lakin bəzi funksiyalar (məsələn, videonun yazılması) enerjidən daha sürətli istifadə edir.
Qurğu vay-fay və blutuz standartlı simsiz rabitə modulları ilə təchiz edilib. Blutuz vasitəsilə eynəyin smartfonla birlikdə işləməsi mümkün olur.