Vaqonları tərk etməyiniz xahiş olunur, qatar “Bakmil” stansiyasına gedir… – REPORTAJ

0
769

31 və 35 il yol şütüyən qatarlar isə qaçış müddətini, yaxud da belə desək, ömrünü başa vurduqdan sonra “metallom” kimi müxtəlif sexlərə verilir

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaranmasından 52 il ötür. Sərnişinlər üçün ən sərfəli, ən asan, eləcə də ən təhlükəsiz ictimai nəqliyyatın də metro olduğunu desək, yanılmarıq.

Qatarların normal, qrafik üzrə hərəkət etməsi, intervalda gecikmənin olmaması hər gün yüz minlərlə sərnişinin vaxtında iş başına yetişməsi deməkdir. Bəzən qatarların cəmi bir neçə dəqiqə gecikməsi sərnişinləri hövsələdən çıxardır. Çünki bir anlıq gecikmə sıxlıq, basabasa səbəb olur, havası onsuz da ağır olan metroda ciddi problemlər yaradır.

Qatar Bakmil stansiyasına gedir... - DEPODA
Depoda görülən əsas işlər isə vaqonların sağlamlaşdırılması ilə bağlıdır.

Bu nöqsanların aradan qaldırılması istiqamətində ən böyük məsuliyyət isə deponun 384 işçisinin üzərinə düşür. Sputnik Azərbaycan da Bakı metrosunun “doğum günü” münasibətilə qatarların “evə” –”Nərimanov” elektrik deposuna şütüdükləri məkandan reportaj hazırlayıb.

1966-cı ilin 6 avqust tarixindən fəaliyyətə başlayan depoda həyat hər gün qaynayır. Sərnişinlərin görmədiyi bu aləmdə qatarlar elə həmin sərnişinləri mənzil başına rahat və təhlükəsiz çatdırmaq üçün hazırlanır. Bir-biri ilə kəsişən, qarışıq mənzərə təsiri bağışlayan yollarda əslində hər şey bir nizama tabedir.

Buradan gün ərzində 46 qatar xəttə çıxır. Depoda isə ehtiyat üçün 4-5 qatar saxlanılır. Həmsöhbətimiz, Depolar üzrə İş Departamentinin rəisi Faiq Əhmədovla ilk olaraq yeni nəsil qatarların sayı haqda danışırıq. Onun sözlərinə görə, “Bakı Metropoliteni” QSC-yə məxsus qatarların 55-i yeni nəsildir. Onlar 81-760 və 81-765 seriyalı qatarlardır. Bu qatarlar 81-717 seriyalı qatarlardan tamamilə seçilir.

Qatar Bakmil stansiyasına gedir... - DEPODA
Vaqondakı qovşaqlar söküldükdən sonra onlar köməkçi sexlərə verilir.

Depoda görülən əsas işlər isə vaqonların sağlamlaşdırılması ilə bağlıdır. Təmir işlərinə vaqonların daxili mühərrikinin dəyişdirilməsini də aid etmək olar: “Bundan başqa depoda qatarların cari təmir işləri də aparılır. Burada konkret qaçış müddətini tamamlayan qatarlar yenidən baxışdan keçirilir. Məsələn, 560 min kilometr məsafə qət edən qatar təmir üçün saxlanılır. Yəni qatarlar təmir cədvəlinə uyğun olaraq saxlanılır. Gündəlik olaraq istismar olunan qatarlar 12-20 saat ərzində baxış üçün depoya daxil olur və bu zaman maşinist tərəfindən qeyd olunan nöqsanlar təmir prosesində aradan qaldırılır. Hazırlıq jurnalında müvafiq qeydlər aparıldıqdan sonra qatar yenidən cədvəli üzrə hərəkətə keçir”.

Texniki baxış zamanı eyni zamanda qatarlarda təmizlənmə işləri də həyata keçirilir. Bura vaqonlarda döşəmə, oturacaq və tutacaqların silinməsi prosesi də daxildir. 33-cü qanov adlanan hissədə isə vaqonların yuyulması həyata keçirilir.

Onun sözlərinə görə, 7 qanov təmir olunub: “Gündəlik olaraq qanovda 5 qatar təmir edilir. Bu işlər gündüz və gecə növbələrində yerinə yetirilir. Əsaslı təmirə ehtiyacı olan qatarlar isə onlar üçün ayrılan sahələrə daxil olur. Təxminən 3 milyon kilometr qət etdikdən sonra qatar əsaslı təmirə dayanır. Qeyd edim ki, bunadək qatarların əsaslı təmiri Gürcüstanda həyata keçirilirdi. Artıq bir müddətdir ki, bu işi özümüz həyata keçiririk”.

Qatar Bakmil stansiyasına gedir... - DEPODA
Yəni qatarlar təmir cədvəlinə uyğun olaraq saxlanılır.

F.Əhmədov deyir ki, vaqondakı qovşaqlar söküldükdən sonra onlar köməkçi sexlərə verilir.

Depoda fəaliyyət göstərən mexanizasiya sexində müəyyən detalların təmiri prosesi ilə də tanış olduq.

Həmsöhbətimizlə yeni nəsil qatarlar, onlarda aşkarlanan problemlərdən də danışdıq: “Yeni gətirilən qatarların zəmanət müddəti iki ildir. Bu qatarlarda maşinistlərin idarəetmə sistemi elektron qaydada həyata keçirilir. Burada maşinist oturduğu yerdən başqa vaqonlara keçid etmədən idarəetməni həyata keçirir”.

31 və 35 il yol şütüyən qatarlar isə qaçış müddətini, yaxud da belə desək, ömrünü başa vurduqdan sonra “metallom” kimi müxtəlif sexlərə verilir. Daha ətraflı məlumatı isə F.Əhmədov verir: “81-717 seriyalı qatarların ömrü 31, 81-765 seriyalı qatarların ömrü isə 35 ildir. Bu müddət başa çatdıqdan sonra onların sökülmə prosesinə başlanılır. Artıq 81-717-lərin sökülməsi prosesi gedir. Son nəticə olaraq isə bu vaqonlar qara metal kimi təhvil verilir”.

Qatar Bakmil stansiyasına gedir... - DEPODA
Burada vaqonların mexaniki və pnevmatik hissələri tam sökülərək yenidən yığılır.

Eyni zamanda o, hazırda qatar parkında 81-717 seriyasından olanların üstünlük təşkil etdiyini də etiraf edir.

Söhbət əsnasında son zamanlar yeni qatarlarda ortaya çıxan problemdən də danışdıq: “Yeni qatarların qapısı saxlanıldıqda bu zaman sistemdə donma baş verir və qatarın hərəkəti ləngiyir. Artıq biz bununla bağlı olaraq Moskvadakı istehsalçı zavoda məlumat vermişik. Bu problemin onlarda da yaşanıldığı deyildi. Artıq həmin problemin aradan qaldırılması istiqamətində görülən işlər, yəni proqram tərtibatı tamamlanıb. Proqram təminatında nöqsan aradan qaldırıldıqdan sonra bu cür problemlər müşahidə olunmayacaq”.

Daha sonra 3 saylı cari təmir sahəsinə üz tutaraq burada qatarların təmiri, necə yuyulması prosesi ilə tanış olduq. Burada vaqonların mexaniki və pnevmatik hissələri tam sökülərək yenidən yığılır. Bu proses isə nə az, nə çox, bir ayadək zaman alır. Nəticədə vaqonun altında olan bütün qovşaqlar sökülür, təkər cütləri, “arabacıq”lar və elektrik aparatları sökülərək yenidən yerinə bərpa olur.

Qatar Bakmil stansiyasına gedir... - DEPODA
Qatar təmiri çox incəlik və yenilik tələb edir.

Vaqonların əsaslı təmir xidmətinin rəisi Kamran İsmayılov 2017-ci ilin noyabrından istismara verilən sex haqda danışır: “Bu günədək bir qatarı əsaslı, 3 qatarı isə orta şəkildə təmir etmişik. Ukrayna, Rusiya və Almaniyadan qatarların ehtiyat hissələrini sifariş edirik.  Ötən il verdiyimiz sifarişlərin demək olar ki, 70 faizi gəlib. Gələn il isə 3 qatar üçün ehtiyat hissələri gələcək”.

Qatar təmiri çox incəlik və yenilik tələb edir. Bunu Kamran İsmayılov da təsdiq edir: “Bizim işimiz vaqondakı bir hissəni söküb, təmizləyib onu yenidən yerinə qoymaqla yekunlaşmır. Biz modernləşməni, bir işi görən köhnə avadanlığı eyni zamanda bir neçə işi həyata keçirə bilən başqa avadanlıqla əvəzləyirik. Beləcə biz vaqona xidmət edən avadanlıqların sayını azaldırıq”.

“Amma onu qeyd edim ki, hələlik bu sexdə yalnız daxili ehtiyaclar ödənilir. Yəni xaricdə hansısa qatar təmir üçün bura gətirilmir. Qatar bura gətirilərkən ilkin olaraq qumla təmizləmədən keçirilir. Əsaslı təmir zamanı vaqonun altı tamamilə sökülür. Köhnə rəng çıxardılır və bunun əvəzinə yeni rəng vurulur”, – deyə xidmət rəisi vurğulayır.

Yeni qatarların hamısı bənövşəyi rəngdə seçilib. K.İsmayılov deyir ki, sifariş bu cür verildiyinə görə, yeni qatarlar belə boyanır. Onun sözlərinə görə, depoda təmir sahəsində çalışan işçilərin demək olar hamısı bu işi sıfırdan olaraq burada öyrənməyə başlayıblar: “Çünki biz özümüz də heç zaman belə təmir növü görməmişdik”.

Qatar Bakmil stansiyasına gedir... - DEPODA
Əsaslı təmir zamanı vaqonun altı tamamilə sökülür.

“Ən son nəsil qatarlarımızda bütün nöqsanlar özünün kompüter sistemində əksini tapır. Bundan başqa, kompüter arxasında oturmaqla onun vasitəsi ilə hazır məhsulun necə işləməsini izləmək də mümkün olacaq. Beləcə, həmin sistemlə nöqsanları da mümkün olacaq”, – deyə o əlavə edib.

K.İsmayılovla gələcək planlar haqda da danışırıq: “Gələcək üçün bizim böyük proqramımız var. Xocəsəndə, yəni bizim 3-cü depoda zavod tikilməlidir. Orada yeni tipli, yəni 5-ci nəsil qatarlar buraxılmalıdır. Ona görə də pilot layihə olaraq bizim bu sex tikilərək istismara verildi”.

Hər gün bizi ünvana çatdıran qatarların dünyasına kiçik səyahətdən sonra geriyə qayıdırıq. Kəsişən xətlərlə şütüyən qatarlar bu dəfə də bizi sağ-salamat ünvan başına çatdırır…

suputnik.az