“Vaqif Mustafayev istefa verməyib, mən onu işdən azad etmişəm” – Sevil Əliyeva

0
356

Ötən gün Azərbaycan KİV-i 2006-cı ildən Space telekanalına rəhbərlik edən tanınmış sənədli kino rejissoru Vaqif Mustafayevin istefaya getməsi barədə məlumat yayıb.

Telekanalın təsisçisi, ümummilli lider Heydər Əliyevin qızı Sevil xanım Əliyevadan, çoxillik rəhbərinin populyar telekanaldan hansı səbəbdən getməsinə aydınlıq gətirməsini xahiş edilib.

Hər şeydən əvvəl, Sevil xanım  Azərbaycan mətbuatında gedən məlumatın tam doğru olmadığını bildirdi. Qeyd etdi ki, V.Mustafayev kanaldan özü çıxmayıb, təsisçi kimi şəxsən onun tərəfindən tutduğu vəzifədən azad edilib.

“Məsələ ondadır ki, Space-in fəaliyyəti, onun təqdim etdiyi kontent ciddi narahatlıq doğururdu. Mən əsasən xaricdə yaşayıram və onun verilişlərini yalnız Bakıya gələndə izləyirdim və etiraf etməyə məcbur oldum ki, çoxsaylı irad, kəskin tənqid, bəzən də KİV səhifələrində peyda olan məsələlər tamamilə əsaslıdır. 

Son zamanlar telekanalın, onun verilişlərinin səviyyəsi həddindən artıq aşağı olub. Son illərdə qeyri-peşəkarlıqdan, onun məhsullarının keyfiyyətinin aşağı olmasından hiddətlənən televiziya tamaşaçıların rəyi ilə tam şərikəm.

Mən yaratdığım zaman onu belə görmürdim. Bütün bunlar Vaqif Mustafayevin Space rəhbəri vəzifəsindən azad edilməsi haqqında qərar qəbul etməyə məcbur etdi. Digər tərəfdən, kanal rəhbərlərinin özlərini telekanalların prezidenti adlandırması məni bir qədər incidir. Heç bir ölkədə belə bir təcrübə yoxdur. Prezident sözünü dəyərdən salmaq olmaz”, – deyə Sevil xanım bəzi məqamlara aydınlıq gətirib.

Eyni zamanda, Sevil Əliyeva vurğulayıb ki, bu qərar ümummilli lider Heydər Əliyev haqqında bir sıra sənədli filmlər də daxil olmaqla, mükəmməl əsərlər yaratmış istedadlı sənədli film rejissoru kimi V.Mustafayevin xidmətlərini azaltmır.