Vaqif Əsədovdan toy karvanları ilə bağlı XƏBƏRDARLIQ

0
453

“Bu ilin əvvəlindən toy karvanlarında avtomobillərin hərəkət pozuntusu ilə bağlı yüzlərlə fakt var”.

Bu sözləri Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polkovnik Vaqif Əsədov açıqlamasında deyib.

Artıq Məhərrəm ayı başa çatdıqdan sonra toylar başlayıb və bununla əlaqədar yollarda toy karvanlarının yaratdığı tıxac da özünü göstərir.

Cari ilin təkcə avqust ayında toy karvanlarının törətdiyi bir neçə qəza halı qeydə alınıb. Nəticədə 10-dan artıq insan yaralanıb.

Bəs bu problemin aradan qalxması üçün hansı işlər görülür?

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü deputat Tahir Kərimli məsələnin mənəvi əsaslara söykəndiyini deyərək, sanksiyaların tətbiq olunmasının çətinliyini bildirib:

“Hüquq komitəsində bu barədə rəsmi müzakirələr yoxdur. Amma qeyri-rəsmi müzakirələr var. Bu məsələ hamını çox narahat edir.

Şəxsən özüm də bu məsələyə dönə-dönə qayıdıram. Dəfələrlə qeyd etmişəm ki, hüququn ən əsas mənbəyi xalqımızın adətləridir.

Toy məsələsi də adətlərdən olduğu üçün onu sanksiyalaşdırmaq, qanuna mindirmək çətin olur.

Bir sıra dövlətlərdə buna sanksiyalar tətbiq olunub və ictimaiyyət bu sanksiyaları hüquq pozuntusu kimi qiymətləndirib. Amma gec-tez toy məsələsində bir məhdudiyyət qoymağa məcbur qalacağıq.

Çünki əvvəlki dövrlərə nisbətən əhali artdıqca xeyir işlərin sayı da artır, yollarda gediş-gəlişdə problemlər yaranır. Bunun qarşısının alınması üçün yollar axtarırıq, ancaq biraz mənəvi çətinliklər yaradır, qınaqdan qorxuruq.

Toy yiyəsi, şadlıq evi rəhbərliyi, gəlin maşını sahibi narazılıq edir. Dəfələrlə görmüşük, polis karvanından birini saxlayır, sürücü qayıdır ki, həyatda bir dəfə olur də.

Belə hallar olur. Sizin də bu mövzunu aktuallaşdırdığınız üçün məsələni komitə rəhbərliyi ilə müzakirə edəcəyik. Məsələni nizama qoymaq lazımdır”.

Vaqif Əsədov tələb olunan qaydaların düzgün yerinə yetirilməsini qeyd edib:

“Toylar başladı və artıq hər zamankı kimi bəy-gəlin maşınını müşayiət edən avtomobillərin kobud yol hərəkəti pozuntuları aşkarlanır.

Bu da yol-nəqliyyat hadisəsinə, digər yol hərəkət iştirakçıların narahatlığına, süni sıxlığa səbəb olur ki, haqlı olaraq digər sürücülər də narazılıq edirlər.

Toy karvanlarındakı sürücülərə üzümü tutub deyirəm ki, ətrafda yol polisi görmədiyiniz üçün elə bilirsiniz ki, sizə nəzarət edilmir. Əslində elə deyil.

İlin əvvəlindən Bakı şəhər yollarına nəzarət edən kameralarda toy karvanlarında pozuntuya yol verən yüzlərlə sürücü aşkarlanıb ki, onlara da qanunvericiliyin tələbləri ilə cərimələniblər. Bir daha xəbərdarlıq edirik ki, toy karvanlarında bəy və ya gəlinin yaxın 5-6 adamı iştirak etsin.

Həmçinin lüzumsuz olaraq, aşağı sürət həddini seçməyin, yolu bütöv tutmaqla səs siqnalları ilə yol istəməyin.

Yol ayrıcılarında, svetaforda tələblərə uyğun hərəkət edin. Hər hansı avtomobilin kəsişmədə digər avtomobilin qarşısını kəsməklə bəy-gəlin maşınına yol etməsi kobud pozuntudur və sözsüz ki, inzibati tənbeh üçün şərait yaradır.

Düşünürük ki, yol-nəqliyyat hadisəsi baş verməməsi və hərəkət edərkən ləngimə halları olamaması üçün bu tələblər yerinə yetirilməlidir.

Biz də ailə quran gənclərimizi təbrik edirik, valideynlərə gözaydınlığı veririk. Xahiş edirik ki, tələblərimizi də düzgün yerinə yetirin. İnzibati tənbeh edilib-edilməməsinə baxmayaraq nümunəvi hərəkət nümayiş etdirin”.

Vaqif Əsədov həmçinin yol kənarında olan şadlıq evləri və dayanma-durma qaydalarını pozan sürücülərdən də danışıb:

“Yollara bitişik şadlıq evlərinin qarşısında dayanma-durma qaydalarına düzgün riayət edilməməsi hərəkətə mane olur.

Buna görə də qaydaları düzgün izah etməyə çalışırıq. Yol hərəkətinin təşkili sırf yol polisinin funksional vəzifəsidir.

 

Bu vəzifənin yerinə yetirilməsi üçün qanunvericilikdə müddəalar nəzərdə tutulub. Hörmətli avtomobil sahibləri, bunları inzibati tənbeh nəzərdə tutulması üçün demirik.

 

Vətəndaş məmnunluğunun yaranması, hər bir hərəkət iştirakçısının təhlükəsizliyinin təmin edilməsi, onların ləngimədən hərəkət etməsi üçün bir daha xatırladırıq ki, bu tələblər düzgün yerinə yetirilməlidir.

Adətən toy karvanlarında hansısa avtomobili saxlayanda yol polisi ilə sürücü arasında anlaşılmazlıq olur. Sürücülər bu məsələyə “bir dəfə olur də” reaksiyası ilə yanaşırlar. Ancaq toy karvanlarının törətdiyi qəzalar məlumdur ki, bəy də ölüb, gəlin də.

 

Ömürdə bir dəfə olan bu prosesdə elə etmək lazımdır ki, kimsə həyatından birdəfəlik məhrum olmasın”.