Valideynlərin NƏZƏRİNƏ: Formalar məcburi deyil, izdihama ehtiyac varmı?

0
233

Yeni tədris ilinin başlamasına iki həftədən az vaxt qalır. Artıq valideynlər məktəbli geyimlərini əldə etmək üçün Bakı Tikiş Evinin mağazalarına üz tuturlar. 

bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Müəssisə bir müddət öncə yuxarı sinif şagirdləri üçün geyimləri hələ hazır edə bilməyəcəyini açıqlasa da, BTE-nin qarşısında çəkilmiş görüntülərdən də aydın olur ki, yeni formaları almaq üçün hələ də böyük izdiham yaşanır. Belə görünür ki, valideynlərin çoxu şagirdlər üçün yeni məktəbli formalarının bu tədris ilindən məcburi olub-olmamasından xəbərsizdirlər. 

Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin qərarı ilə hazırda istifadədə olan geyim formaları 2022/2023-cü tədris ilinin sonunadək tətbiq edilə bilər. 

Bir müddət əvvəl təhsil naziri Emin Əmrullayev mətbuat üçün keçirdiyi brifinqdə də yeni formaların hələ məcburi olmadığını açıqlayıb:

“Nazirlik yoxlamayacaq ki, niyə şagird forma geyinməyib. Nə də məktəb direktorunun haqqı yoxdur ki, forma tələb etsin. Məktəb qərar verdikdən sonra valideynlərin ona uyğun forma seçməsi məqsədəuyğundur. Ancaq heç kimin səlahiyyəti yoxdur məcbur etsin ki, bu forma olmalıdır”. 

Qeyd edək ki, yeni formaların satışına avqustun 17-dən başlanıb. Bakı Tikiş Evi hər gün təxminən 500-600 yeni məktəbli formasının tikildiyini və bir o qədər də geyimin satıldığını açıqlayıb. Formalar BTE-nin mağazaları ilə yanaşı “Bravo” marketdə də satışa çıxarılır.  

Yeni formaların istehsalına gec başlandığı üçün tədris ilinin başlanmasına qədər geyimlərin çatdırmaqda çətinliklər yaranıb. Bu səbəbdən bu il yuxarı siniflər üçün məktəbli formaları tikilməyəcək. Bu il Bakı Tikiş Evi yalnız ibtidai sinifləri təmin etmək gücündədir. 

Nazirlər Kabinetinin qərarında 4 rəng üzrə forma tikilməsi təsdiq olunsa, hələ ki, yalnız iki rəngdən istifadə edilir.