Valideyn himayəsindən məhrum olmuş 29 ukraynalı uşaq Azərbaycana gətirildi – FOTO

0
185

Ukraynadakı vəziyyətlə əlaqədar valideynlərindən birini itirmiş daha bir qrup ukraynalı uşaq Azərbaycana gətirilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gələn 29 azyaşlı uşaq düşərgələrinə yerləşdiriləcək.

Uşaqlar Bakı və Qəbələ şəhərlərində təşkil olunan 15 günlük düşərgədə sosial reabilitasiya keçəcəklər. Düşərgə müddətində onlar mütəxəssislər tərəfindən müxtəlif reabilitasiya tədbirlərinə cəlb olunacaqlar.

Peşəkar psixoloqlar tərəfindən təşkil olunan fərdi konsultasiyalar, qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, eyni zamanda psixo-sosial təlimlər, ustad dərsləri vasitəsi ilə azyaşlıların emosional vəziyyətlərinin stabilləşməsi, eləcə də cəmiyyətə inteqrasiyaları təmin ediləcək.

Düşərgə iştirakçıları ingilis dili kursları vasitəsilə dil biliklərinin artırılması imkanı da əldə edəcəklər.

Bu müddət ərzində uşaqların mədəni-asudə vaxtının səmərəli təşkil olunması məqsədi ilə tarixi yerlərə, həmçinin muzeylərə ekskursiyalar təşkil olunacaq, müxtəlif mövzuda komanda işləri görüləcək.