Vaksinin üçüncü dozasının vurulması vacibdir – AÇIQLAMA

0
331

Son günlər sutka ərzində koronavirusa yoluxanların sayı 2 mini keçir. Təəssüf ki, sağalanların sayı isə yoluxanların sayından azdır. Koronavirusdan həyatını itirən insanlar da var. Bununla mübarizə aparmaq üçün karantin qaydalarına riayət etmək və həkim tövsiyələrinə əsasən vaksinin üçüncü dozasını vurdurmaq lazımdır.

Bu sözləri  deputat Kamilə Əliyeva son günlər ölkədə koronavirusa yoluxmanın sayında müşahidə edilən artımla bağlı əhaliyə çağırışında deyib.

Onun sözlərinə görə, tətbiq edilən yumşalmalardan sonra yoluxmanın artması gözlənilən idi:

“Eyni zamanda payız fəslinin gəlişi respirator xəstəliklərin oyanması ilə müşahidə edilir ki, bu da yoluxmaların artmasına təsir edən məqamlardan biridir. Lakin sevindirici haldır ki, bu gün ölkə ərazisindəki xəstəxanalarda çarpayı problemi və yoluxanların dərman preparatları ilə təmin edilməsi məsələsində heç bir problem yoxdur. Dövlət tərəfindən bütün bunlar qabaqlayıcı tədbirlər sayəsində həll olunub. İnsanlar yoluxmadan qorunmaq üçün operativ qərargahın tələblərinə uyğun davranmalı və ictimai yerlərdə sosial məsafə prinsiplərinə əməl etməlidirlər.

Bilirsiniz ki, artıq koronavirusa qarşı vaksinin hər iki dozasını alan insanlar 50 faizdən çoxdur. Cəmiyyətdə vaksinasiya prosesinə güvən günbəgün artmaqdadır. Çünki, cəmiyyətdə vaksin vurduran şəxslərin yoluxma ehtimalı vaksinasiya prosesinə qoşulmayan şəxslərdən daha azdır. Vaksinli şəxslərin xəstəliyi çox yüngül keçirməsi halı kifayət qədər müşahidə edilir”.

O bildirib ki, vurulan vaksinin insan orqanizmində yaratdığı anticisimlərin də ömrü müəyyən bir müddət çəkir:

“Vaksinin insan orqanizmində yaratdığı anticisimlərin azalmağa doğru getdiyini nəzərə alaraq vaksinin üçüncü dozasının vurdurulmasına ciddi ehtiyac yaranır. Bilirsiniz ki, müəyyən peşə sahibləri, koronavirus xəstələri ilə daim təmasda olan həkimlər, müəllimlər, eləcə də cəmiyyətdə 50 yaşdan yuxarı olan şəxslərin vaksinin üçüncü-buster dozasını vurdurması daha vacibdir. Vaksinin təhlükəli hər hansı əlamətlərinin üzə çıxma ehtimalı yoxdur. Odur ki, vaksinasiya prosesinə əməl etməliyik və üçüncü dozanı vurdurmaqla özümüzü, ailəmizi və ətrafımızı koronavirusdan qorumalıyıq. Bizim sağlamlığımız, sağlam cəmiyyət deməkdir. Buna görə də müvəqqəti də olsa kütləvi yerlərdə toplaşmayaq, tibbi maska və dezinfeksiya vasitələrindən təyinatı üzrə istifadə edək ki, bu bəladan özümüzü qoruyaq”.