Vaksinasiya tədbirlərinin keçirilməsinin iqtisadi əsaslandırılması

0
367

Azərbaycan Respublikasında vaksinasiya tədbirlərinin keçirilməsinin iqtisadi əsaslandırılması məlum olub. 

Bu barədə məlumat Baş nazir Əli Əsədovun “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nın təsdiq edilməsi haqqında sərəncamında öz əksini tapıb.

COVID-19 xəstəliyinin törədicisi SARS-CoV-2 virusunun əhatə dairəsinin və coğrafiyasının genişlənməsi qlobal iqtisadiyyata, beynəlxalq maliyyə və əmtəə bazarlarına mənfi təsir etməklə iqtisadi tarazlığın pozulmasına gətirib çıxarıb.

Ölkədə sosial təcrid tədbirləri nəticəsində iqtisadiyyatın əksər sahələrində yaranan çətinliklər işgüzar aktivliyə və iqtisadi artıma mənfi təsir göstərib.

Pandemiya ilə mübarizə tədbirləri, onun ölkə iqtisadiyyatında yaratdığı mənfi təsirlərin azaldılması üçün Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə dövlət büdcəsindən və digər mənbələr hesabına bötüvlükdə təxminən 2,5 milyard manat vəsait ayrılıb. 

Bununla belə, 2020-ci ildə əvvəlki illə müqayisədə ÜDM istehsalı 4,3 faiz, o cümlədən qeyri-neft-qaz sektorunda isə 2,6 faiz azalıb, ixracın həcmi ötən illə müqayisədə 30 faiz, o cümlədən qeyri-neft ixracı 5,2 faiz, idxalın həcmi isə 21,4 faiz azalıb.

Ölkə əhalisinin 2020-ci ildə nominal gəlirləri əvvəlki illə müqayisədə 1,8 faiz azalıb.

Eyni zamanda, hazırda ölkədə pandemiyanın davam etməsi və son dövrlərdə xəstəliyin səviyyəsinin artması bu istiqamətdə hökumətdən əlavə iqtisadi və sosial dəstək paketinin icrasını, zərər çəkən iqtisadi sahələrin və sahibkarlıq subyektlərinin dəstəklənməsini, qeyri-formal məşğulluğun qarşısının alınmasına yönəldilmiş stimullaşdırıcı tədbirlərin həyata keçirilməsini zəruri edir. 

Habelə, digər ölkələrdə də davamlı olaraq infeksiyanın sürətlə yayılmasının müşahidə edilməsi ölkə ərazisində sərt karantin tədbirlərinin yenidən tətbiqinə və sosial təcrid tədbirlərinin sərtləşdirilməsinə səbəb olur.

Ölkədə insanların sağlamlığının qorunması, az vəsaitlə pandemiyaya qarşı mübarizənin səmərəli təşkil edilməsi məqsədilə vaksinasiya tədbirlərinin həyata keçirilməsi daha məqsədəmüvafiq hesab edilir.