Vətəndaşların müvəqqəti qeydiyyatı ləğv olunur: Səbəb nədir? – DİN-dən AÇIQLAMA

0
225

Ötən həftədən etibarən sosial şəbəkələrdə yerli polis idarələrində müvəqqəti yaşayış qeydiyyatındakı vətəndaşların kütləvi şəkildə qeydiyyatının ləğvi ilə bağlı şikayətlər paylaşılıb.

Bu günə qədər daimi yaşayış yeri olmayan şəxslər yerli polis idarələrinə müraciət edərək orada müvəqqəti qeydiyyata düşə bilirdilər. Lakin son bir neçə gün ərzində bu qeydiyyat kütləvi şəkildə ləğv edilib.

Cəmiyyətə maraqlı olan məqam isə bunun hansı səbəbdən baş verməsidir.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin şöbə müdiri, Elşad Hacıyev Oxu.Az-a açıqlamasında bildirib ki, vətəndaşların müvəqqəti qeydiyyatlarının ləğv edilməsində məqsəd mövcud pərakəndəliyi aradan qaldırmaqdır:

“Hərbi səfərbərlik, sosial müavinət, icbari sığorta, evlənmə-boşanma və ya digər məsələlərdə qeydiyyatda olan şəxslərlə bağlı polis orqanlarına sorğular daxil olanda bəzi neqativ hallar müşahidə olunurdu. Bununla bağlı müvəqqəti qeydiyyatda olan şəxsləri lazım olanda tapmaq çətinliyi yaranırdı. Hazırda görülən tədbirlərin məqsədi bu cür neqativ halların qarşısının alınması, bu istiqamətdə nizam-intizamın yaradılmasıdır.

Heç bir yerdə qeydiyyata düşə bilməyən vətəndaşlar hazırda yaşadıqları ərazi üzrə polis orqanına müraciət edib yaşadıqları ünvanı bildirməlidirlər. Bu halda qeydiyyat məsələsinə təkrar baxıla bilər”.