Vətən müharibəsinin qəhrəman sürücüləri: “Qəfildən yola güllələr yağdırıldı” – FOTO

0
372

2020-ci il sentyabrın 27-də düşmən bir neçə istiqamətdən müxtəlif növ silahlardan, ağır artilleriyadan istifadə edərək təmas xəttindən ərazilərimizə hücum etdi. Ordumuzun bölmələri hücumun qarşısını qətiyyətlə aldı. Ali Baş Komandanın əmri ilə ordumuzun əks-hücum əməliyyatı Vətən müharibəsi kimi davam etdirildi.

Gizir Kərəm Cəfərov Tovuzun Əlibəyli kəndində anadan olub. Uşaqlığından ermənilərin kəndə həmlələrini görüb, artilleriya mərmilərinin törətdiklərini görüb, qəlpələrdən ölənləri, yaralananları görüb. O illərdə uşaqlar yaşından tez böyüyürdü.

Kərəm müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra ordu sıralarından tərxis olunub. Ancaq ürəyi onu yenidən hərbi xidmətə çəkib. Bu, ruhun ömürdən tələbi idi: müddətdən artıq həqiqi hərbi xidmətə qayıdıb. 

“Həmin gün özümü dünyanın ən bəxtəvəri sanırdım. Niyə? Ona görə ki, Ali Baş Komandan döyüş əmri verəndə səfərbərliyi gözləməyəcəkdim, döyüşən ordunun tərkibində döyüşlərə qoşulacaqdım”, – bu sözləri K.Cəfərov deyib.

Kərəm Cəfərov 2016-cı ilin Aprel döyüşlərində də iştirak edib. O döyüşləri də qürurla xatırladı: 

“Döyüşənlərə hərbi sursat aparırdım. Qəfildən yola, qarşıma güllələr yağdırıldı. Ani olaraq döyüşə qoşulmaq istədim. Maşında olan silah-sursatın vaxtında çatdırılmasının məsuliyyətinə görə xırda bir manevrlə yoluma davam etdim. Çatanda komandirim düzgün qərar qəbul etdiyimi bildirdi. Bu, döyüşlərdə sürücünün nə zaman necə hərəkət etməli olduğuna əvvəldən bildiklərimə əlavə bir örnək oldu”.

Kərəm Cəfərov Murovdağ istiqamətinə ezam edilib. İşğaldan azad edilmiş Kəlbəcərə yük daşıyır. Bir vaxtlar hərbi sursat daşıyan sürücü sevinclə bildirdi ki, Kəlbəcərdə düşmənin uçurub-dağıtdığı evlər yenidən tikiləcək, camaat kəndlərinə qayıdacaq, Kəlbəcərdə işğaldan əvvəlki yaşayış təmin ediləcək:

“Onda mən də qürurlanacam ki, qarda-buzda, çətin relyefli yollarla Kəlbəcərə nə göndərilibsə, itkisiz, qəzasız çatdırmışam, yəni, hərbi tapşırığı məsuliyyətlə yerinə yetirmişəm”.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Etibar Qurbanov Tovuz rayonunun Yuxarı Öysüzlü kəndindəndir. 2011-ci ildə, orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılıb. 

“Ermənilərin erməniliyinə uşaq yaşlarımdan bələdəm. Məni hərbi xidmətə tələsdirən digər amillərlə bir sırada bəlkə də bu bələdlik də vardı. Müəllimlərim deyirdi ki, Ali Baş Komandanın döyüş əmri ilə torpaqlarımızı işğaldan siz azad edəcəksiniz. Bu, sinif yoldaşlarım kimi mənim də niyyətimə, istəyimə çevrilmişdi. Həqiqi hərbi xidmətdən sonra yenidən xidmətə qayıtmağım da məhz bu niyyətlə, bu istəklə bağlıdır”, – deyə E.Qurbanov bildirib.

Kiçik çavuş Etibar Qurbanov 2014-cü ildən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusudur. Həmişə ön xətdə xidmət edib.

Kiçik çavuş Etibar Qurbanov Vətən müharibəsində komandanlığın əmri ilə müxtəlif mövqelərə, döyüşlər gedən ərazilərə zəruri sursatlar daşıyıb: 

“Sentyabrın 27-nə kimi belə daşımaları adiliklə icra edirdik. Bilirdik ki, qəfil həmlə ilə, pusqu ilə üzləşməyəcəyik. Yolu həyəcansız gedirdik. Vətən müharibəsində belə daşımalar xeyli məsuliyyət tələb edirdi. Bilirdik ki, sursatı vaxtında çatdırmalıyıq. Xırda bir gecikmə gözlədiyimiz qələbəni ləngidə bilər. Heç birimiz buna yol vermədik”.

“Sürücülük kursunda bizə bu haqda deyilmişdi. Onda nə vaxtsa hərbçi olaraq belə vaxtlarda, belə şəraitlərdə yük dolu maşın idarə edəcəyimizi güman edirdik. Ancaq təcrübə başqa şeydi. Biz belə yollarda, həm də qışda yüklü maşın idarə etməyə müxtəlif vaxtlarda, müxtəlif şəraitlərdə alışmışıq. İndi Kəlbəcərə yük aparırıq. Erməniləri məğlub etdik, birdəfəlik məğlub etdik, təbiətin çətinliklərini də ram edirik”, – kiçik çavuş Etibar Qurbanov deyib. 

“Kəlbəcərə ilk gedişimi heç zaman unutmayacam. Əmri uğurla yerinə yetirdik. Vətən müharibəsində Qələbədən sonra Kəlbəcərdə sinə dolusu nəfəs aldıq, həvəslə su içdik.

Vətən müharibəsində bütün qoşun növləri qətiyyətlə döyüşdü. Azərbaycan Ordusu belə döyüşdüyü üçün müharibə qələbə ilə 44 günə başa çatdı”, – deyə kiçik çavuş əlavə edib.

Kiçik çavuş Mikayıl Aslanovun bu xatırlatmaya münasibəti düşüncələrimi tərpətdi: 

“Vətən müharibəsində hər sürücü belə vəziyyətlərlə üzləşib. Yaxınlığına mərmi düşdüyü vaxtlar da olub. Sürücü hər cür gözlənilməzliklərə hazır olmalıdır ki, hərbi əmri yerinə yetirə bilsin”.

Mikayıl da Tovuzun Yuxarı Öysüzlü kəndindəndir. Etibarla bir sinifdə oxuyublar. Sinif yoldaşının həm də hərbi xidmət yoldaşı olması nə qədər duyğulandırıcıdır.

Kiçik çavuş Səbuhi Həsənov hərbi xidmətə universitetdə təhsil aldıqdan sonra çağırılıb. Hərbi xidmətdən sonra bir müddət mülki işlərdə işləyib. Oxuduqları, eşitdikləri düşüncələrinin sunamisinə dönüb: belə duyğuları vətənpərvərlik yaradır, vətənpərvərliyin ilkin yozumu torpaqlarımızın müdafiəsi, torpaqlarımızın işğaldan azad edilməsi olub. O da yenidən hərbi xidmətə qayıtmağa qərar verib – Ali Baş Komandanın əmri ilə başlanacaq döyüşlərin iştirakçısı olmaq üçün.

2020-ci ilin iyul döyüşlərinin də iştirakçısı olmuş kiçik çavuş Səbuhi Həsənov Azərbaycan Ordusunun hərbi qulluqçusu olmasından, Vətən müharibəsində iştirakından qürurlandığını deyib.

Hərbçi sürücülərimizin işğaldan azad edilmiş rayonlarımıza aparacağı yüklər quruculuq yükləri olacaq: hərbçi sürücülərimiz işğaldan azad etdikləri ərazilərdə quruculuq işlərinin də hərbçi icraçıları olacaqlar.