Vətən müharibəsinin 41-ci günü: Düşmən geri çəkilməyə məcbur edilir

0
31

2020-ci il noyabrın 6-sı, bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin qırx birinci günü.

Ermənistan silahlı qüvvələri gün ərzində Tərtər və Goranboy rayonları daxil olmaqla, bir sıra yaşayış məntəqələrimizi, həmçinin Tovuz, Gədəbəy və Daşkəsəndəki mövqelərimizi atəşə tutur.

Azərbaycan Ordusu isə mübarizəni yalnız döyüş meydanında davam etdirir. Döyüş əməliyyatları müxtəlif intensivliklə, əsasən, Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edir. Cəbhənin bəzi yerlərində şəxsi heyətini və hərbi texnikasını itirən düşmən geri çəkilməyə məcbur edilir. Ermənistan ordusunun bölmələri cəbhənin Qubadlı istiqamətində mövqeləri ataraq qaçır. Düşmənin minaatanlarının atış nöqtələrinə və döyüş mövqelərinə zərbələr endirilir. Düşmənin komandir heyəti də daxil olmaqla xeyli sayda canlı qüvvəsi, bir rabitə avtomobili, sursatla dolu iki “KamAZ” maşını və qoşqusunda top olan üç “Ural” maşını, xeyli sayda digər sursat və artilleriya qurğuları məhv edilir. Cəbhədən gələn müjdəli xəbərlər isə qələbə gününün yaxında olduğuna böyük inam yaradır.

Bir sözlə, müharibənin qırx birinci günündə də üstünlüyün Azərbaycan Ordusunun tərəfində olması torpaqlarımızın hər yerində tezliklə bayrağımızın dalğalanacağından xəbər verir.