Vətən müharibəsində iştirak edən və şəhid olan mədənçilərimiz – FOTO

0
395

“AzerGold” QSC İkinci Qarabağ müharibəsində iştirak edərək şəhid olmuş əməkdaşları haqqında məlumat verib.

Bildirilib ki, QSC-nin əməkdaşlarından Sehran Əliyev, Tələt Tağıyev, Şahin Ağacanov, Elmir Verdiyev, Sərxan Abbasov, Ruslan Muradov Vətən müharibəsində iştirak edərək təcavüzkar düşmənə qarşı döyüşüb, Muxtar Qasımlı və Rauf Əsgərov isə Vətən uğrunda gedən mübarizədə şəhid olub.

Baş leytenant Muxtar Qasımlı Füzuli rayonunun Alxanlı kəndinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə oktyabr ayının 2-də qəhrəmancasına şəhid olub. 23 fevral 1993-cü ildə Bakıda dünyaya göz açan Muxtar fitnes üzrə Azərbaycan çempionu, Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Təhlükəsizlik xidmətinin əməkdaşı olub. Bildirilib ki, idmançı kimi karyerasında bir sıra uğurlara imza atan Muxtar cəmiyyətdəki fəaliyyətində də seçilən, xüsusi xidmətləri ilə fərqlənən işçilərdən idi.

Muxtar Qasımlı düşmən təxribatları başlayan ilk günlərdən etibarən cəbhəyə yollanıb. O, qaynar döyüşlərin getdiyi Füzuli rayonunun kəndlərinin və strateji yüksəkliklərinin azad edilməsi istiqamətində böyük şücaətlə vuruşub. Hücum əməliyyatında yaralanmasına baxmayaraq, döyüşə davam edib qəhrəmancasına şəhid olub.

“AzerGold” QSC-nin daha bir əməkdaşı, Təmir-tikinti və energetika şöbəsinin generator sahəsi üzrə rəisi Rauf Əsgərov da Vətən müharibəsində iştirak edən hərbçilərimizdəndir. Rauf Əsgərov 1978-ci il noyabrın 2-də Gəncə şəhərində anadan olub. 1985-1996-cı illərdə Gəncə şəhərində İ.Nəsimi adına 44 nömrəli tam orta məktəbdə, 1996-2000-ci illərdə isə Azərbaycan Dövlət Aqrar Universitetində ali təhsil alıb. Rauf Əsgərov 2006-2008-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.

Rauf hələ 2020-ci ilin iyul hadisələrində düşmənin təxribatı ilə başlayan Tovuz döyüşlərində könüllü olaraq iştirak etmək üçün müraciət edib. Vətən müharibəsində ehtiyatda olan zabit kimi orduya çağırılan Rauf Əsgərov Füzuli rayonunun kəndlərinin azad olunması uğrunda gedən qanlı döyüşlərdə öz bölməsi ilə bərabər iştirak edib. Baş leytenant oktyabrın 26-da Mərdinli kəndinin düşməndən azad edilməsi zamanı əsgərini neytral zonadan təxliyyə edən zaman şəhid olub. Şəhid baş leytenantın üç övladı Vətənə yadigar qalıb. Onlar da öz atalarının şücaət və qəhrəmanlıqları ilə qürur duyurlar.