Vətən müharibəsində atəşə məruz qalan ərazilərdə bərpa və təmir işləri başladı

0
297

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü nəticəsində mülki insanların daşınmaz əmlakına dəymiş ziyanın aradan qaldırılmasına start verib.

Bu barədə Komitənin məlumatında deyilir.

Qeyd olunub ki, 11 rayon və şəhər ərazisində bərpa və təmir-tikinti işlərinə başlanılıb.

Ordumuzun 2020-ci il sentyabrın 27-də başladığı sülhə məcburetmə əməliyyatlarının gedişində Ermənistan silahlı qüvvələrinin xain hücumları nəticəsində ölkəmizin bir sıra dinc şəhər və rayonları artilleriya və ballistik raket atəşinə tutulub. İnsanlıq əleyhinə cinayətlər törədilib, günahsız şəxslər vəhşicəsinə qətlə yetirilib, mülki obyektlərə, fərdi yaşayış evlərinə və infrastruktura irimiqyaslı zərər vurulub.

Qeyd edək ki, Prezident İlham Əliyev dəymiş bu ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə Dövlət Komissiyası yaradıb.

Baş nazirin rəhbərliyi altında təşkil olunmuş fəaliyyət nəticəsində qısa müddət ərzində ümumilikdə 11 şəhər və rayon ərazisində 10000-dən artıq obyektə baxışlar keçirilib.  

Həmçinin qiymətləndirmə və təmir-tikintinin ilkin planlaşdırılması işləri aparılıb.

Baş nazirin 2021-ci il 14 yanvar tarixli sərəncamı ilə zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi üçün yaşayış evlərinin, obyektlərin tikintisi üzrə sifarişçi funksiyaları, habelə inşa prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilib.