Vətən müharibəsi ilə bağlı 21 şəxs barəsində axtarış elan edildi

0
324

27 sentyabr 2020-ci il tarixdən etibarən erməni silahlı qüvvələri tərəfindən aparılan təcavüzkar müharibə, onun gedişində törədilən digər xarakterli cinayətlərlə bağlı Baş Prokurorluqda 62 cinayət işi başlanaraq, həmin işlər üzrə 17 muzdlu döyüşçü və Ermənistan Respublikasının dörd vətəndaşı barəsində, cəmi 21 şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə qərarları çıxarılaraq axtarış elan edilib.

Bu barədə Baş Prokurorluğun Kollegiya iclasında bildirilib.

Eyni zamanda, erməni silahlı birləşmələrinin dinc əhalini atəşə tutması nəticəsində 93 nəfər, o cümlədən 12 azyaşlı və 27 qadın qətlə yetirilib. 407 nəfər, o cümlədən 50 azyaşlı və 101 qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Vətən müharibəsi zamanı Azərbaycan Respublikasının rayon və şəhərlərinin  ərazisinə ümumilikdə 30 minə yaxın mərmi və 227 raket atılıb, çoxsaylı əmlaka ziyan vurulmaqla, fərdi yaşayış evləri, yardımçı tikililər, çoxmənzilli yaşayış binaları, qeyri-yaşayış sahələri, ayrı-ayrı dövlət qurumlarına məxsus inzibati binalar, dini obyekt, məscid, kilsə və qəbiristanlıqlar dağıdılıb.

İclasda bildirilib ki, erməni vəhşiliklərinin dünya dövlətlərinin hüquq mühafizə orqanlarına və aidiyyəti beynəlxalq təşkilatların diqqətinə çatdırılması məqsədilə BMT-nin İnsan Hüquqlarının Müdafiəsi üzrə Komissarına, Avropa Şurasının İnsan Hüquqlarının Müdafiəsi üzrə Komissarına, MDB ölkələrinin üzv dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurası və digər beynəlxalq təşkilatlara, eləcə də 25 ölkənin Baş prokuror və Ədliyyə nazirlərinə Ermənistanın törətdiyi cinayətlər haqqında məktublar, 37 xarici dövlətin səlahiyyətli orqanına 46 hüquqi yardım göstərilməsinə dair vəsatətlər göndərilib.