Vətən mənə oğul desə nə dərdim mamır olub qayasında bitərdim

0
96

Bu gün Qəbələ rayonu Mıxlıqovaq kənd şəhidi Mikayıl Mikayıllinin şəhadət qovuşduğu gündən 4 il ötür. Amin gününə Mixliqovaq kənd sakinləri,kənd bələdiyyə sədri, kənd icra nümayəndəsi, şəhid ailələri, qazilər, idarə və təşkilatların rəhbərləri, Mixliqovaq orta məktəbin müəllimi kollektivi şagirdlər ilə iştirak etmişdir. Əvvəlcə şəhidin məzarı üzərinə tər çiçəklər qoyulmuş, ruhuna dualar oxunmuşdur. Mərasimdə iştirak edənlər Şəhidin ailəsinə başsağlığı vermişdir. Tədbir ata ocağında ehsan süfrəsi arxasında davam etmişdir.

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə son damla qanına qədər vuruşan qəhrəmanlarımızdan biri də Xüsusi Təyinatlı diversiya qrupunun giziri Mikayıllı Mikayıl Miğfər oğludur.

Mikayıllı Mikayıl 1993-cü il, sentyabrın 24-də Qəbələ rayon Mıxlıqovaq kəndində anadan olub. Orta məktəbi də həmin kəndin məktəbində oxuyub. Yeniyetmə yaşlarından hərbiyə, idmana maraq göstərən Mikayıl məktəbli vaxtlarında idmanda göstərdiyi fəallıqlara görə fəxri fərmanlar alıb.

2009-cu ildə Mikayılın atası dünyasını dəyişir və ailənin bütün yükü onun çiyinlərinə düşür. Anasının istəyi ilə ali məktəbə hazırlaşsa da, öz istəyi hərbçi olmaq idi. Ali məktəbə hazırlaşa-hazırlaşa hərbçi olmaq üçün müraciət edir.

Orta məktəbi bitirdikdən sonra ali məktəbə sənəd verir, qəbul olunsa da, təhsilini davam etdirmir. Hərbi xidmətini başa vurduqdan üç ay sonra hərbçi kimi işləməyə başlayır.

Bir neçə il Sülhməramlı Qüvvələrdə çavuş, baş çavuş rütbəsində xidmət edir. Xidməti ilə əlaqədar olaraq Bolqarıstan, Ukrayna və sair ölkələrdə kurs keçir.

Şəhid Mikayıl Mikayıllı
2014-cü ildə Azərbaycan Respublikasının Xüsusi Təyinatlı Qüvvələrində xidmətə başlayır.

Anası İradə xanımın sözlərinə görə, 2016-cı ilin aprel döyüşlərində də iştirak edib, yaralanır. Lakin müalicəsi bitdikdən sonra yenidən xidmətə geri dönür: “Sentyabrın 27-də başlayan Vətən müharibəsində də ön sıralarda idi Mikayıl. Düzdür, xidməti haqqında heç bir zaman danışmayıb. Hətta aprel döyüşlərində yaralanması barədə də bilmirdim. Həmişə deyirdi ki, “ana, yarım qalan işlərimiz var, onları bitirməliyik. O işlər bitərsə, mən rahat olaram. Balam işinin sirlərini həmişə məndən gizlədib, həmişə”.

İradə xanım Mikayıl haqqında danışdıqca göz yaşları yanaqları boyu süzülürdü. Hıçqırıqlarına ara verib, danışır, danışır, gözü önündə övladını canlandırır. Deyir ki, Mikayıl xaraktercə çox mülayim, ailənin qayğısına qalan övlad olub.

Sonuncu dəfə anası ilə sentyabrın 25-i danışır. Deyir, “ana, darıxma, işlərimiz bitsin, sənin də arzularını həyata keçirəcəm.

Sentyabrın 29-dan 30-na keçən gecə…

Mikayıl kəşfiyyat-diversiya qrupunun rəhbəri kimi əməliyyat planı hazırlayır və aparılan əməliyyat uğurlu alınır. Bir neçə yüksək rütbəli zabit olmaqla xeyli sayda erməni məhv edilir. Lakin geri dönərkən düşmən tərəfindən atılan artilleriya mərmisinin düşməsi nəticəsində şəhid olur.

“Səhər saatları idi… Qapı döyüldü, getdim, kəndin icra nümayəndəsi, bələdiyyə sədri gəlmişdilər. Həmin an dünyam qaraldı. Dedim, mənə pis xəbər deməyin. Çıxın gedin. İçim dağılırdı. Bir az sonra gördüm, kənd camaatı gəlir. Qol-qanadım qırıldı, məhv oldum”, – İradə xanım göz yaşlarını silir.

Mikayılın qardaşı Samir qardaşını xatırlayarkən gözü dolur: “Çox vətənpərvər idi Mikayıl. İşini də çox sevirdi. Bizə deyirdi ki, “Xocalı hadisəsini xatırlayın. Bizim alacaq qisasımız var. Mən işləməli və yarım qalmış işi tamamlamalıyam. Ancaq üzünə, gözlərinə baxanda hiss edirdik ki, yorğundur”.

“Bu yara heç vaxt sağalmayacaq. O mənim ilk övladım idi. Dayağım idi. Bütün çətinliklərdə yanımda idi. Məni qucaqlayanda özümü onun yanında uşaq kimi hiss edirdim”, – İradə xanım danışır.

Qəbələ rayonu Mıxlıqovaq kənd qəbristanlığında dəfn olunub.Allah rəhmət etsin.
Allah rəhmət eləsin şəhidlərimizə.

Təranə Alməmmədova

Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəz Sabitlik və inkişaf Mərkəzin Qəbələ rayon nümayəndəliyinin rəhbəri