Vətənə xəyanət edənlər xalqın nifrəti ilə damğalanır

0
1113

“Vətənə xəyanət bağışlanması mümkün olmayan günahdır. Vətənə xəyanət edənlər xalqın nifrəti ilə damğalanır. Biz başa düşməliyik ki, müstəqil Azərbaycan bizim Vətənimizdir. Bu Vətənlə fəxr etmək lazımdır. Hətta ən ağır vəziyyətə düşdükdə belə Vətənin suverenliyi və təhlükəsizliyi bizim hamımızın şəxsi təhlükəsizliyindən üstün olmalıdır və üstündür. Vətənpərvərlik hissi ailədən və məktəbdən asılıdır”.

Bu fikirləri hüquqşünas Əli İbrahimov səsləndirib. Onun sözlərinə görə, bütövlükdə ölkəmizin tərbiyə ocaqları elə qurulmalıdır ki, insanlarda vətən və torpaq üçün fəxarət hissi formalaşdıra bilsinlər və onları əsl vətənpərvər kimi yetişdirsinlər:

“Digər tərəfdən insanlarımız ictimai cəhətdən fəal olmalıdırlar. Ətraflarındakı insanların hərəkətlərindəki şübhələr barədə vətəndaş yetkinliyi ilə ölkənin müəyyən xidmət orqanlarına məlumat verməyi özlərinin xidmət borcu kimi başa düşməlidirlər. Kölə psixologiyası ilə yaşamağa alışmış, yaxud şan-şöhrət iddiasında olan insanların izlənilməsi və zərərsizləşdirilməsi təkcə xüsusi xidmət orqanlarının işi deyil. Bu həm də cəmiyyətin bütün təbəqələrinin işi olmalıdır. Biz vətənimizə xidmət etmək üçün ən azından bir məhəllədə yaşayan şəxslərin içərisində hiss etdiyimiz şübhəli əlamətləri, baş verə biləcək mənfi hadisələrin qarşısını almaq üçün özümüz vətəndaşlıq fəallığı nümayiş etdirməliyik. İlk olaraq casusluq və dövlətə xəyanət arasında hansı fərq var sualından başlayaq”.

Hüquqşünas deyib ki, cinayət qanunvericiliyi casusluq hərəkətlərini onu törədən şəxsin vətəndaşlıq mənsubiyyətindən asılı olaraq iki formada həm dövlətə xəyanət cinayətinin forması kimi, həm də casusluq adlanan müstəqil cinayət tərkibi kimi nəzərdə tutur:

“Casusluq Azərbaycan Respublikasının vətəndaşları tərəfindən törədildiyi halda cinayəti törədən şəxslər Cinayət Məcəlləsinin 274-cü maddəsində nəzərdə tutulmuş dövlətə xəyanət cinayətinə görə, əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən törədildikdə həmin Məcəllənin 276-cı maddəsində nəzərdə tutulmuş casusluq cinayətinə görə məsuliyyətə cəlb olunurlar. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər casusluğa görə on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıldığı halda, Azərbaycan Respublikasının vətəndaşları bu cinayətə görə on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi, qanunvericilik öz vətəndaşlarımızın casusluq hərəkətlərini sadəcə casusluq cinayəti kimi deyil, öz dövlətinə xəyanət, dönüklük kimi qiymətləndirməklə, bu hərəkətlərə yol vermiş vətəndaşlar üçün əcnəbi və vətəndaşlığı olmayan şəxslərdən fərqli olaraq daha ağır cinayət məsuliyyəti nəzərdə tutub. Vətənə xəyanətdən də ağır bir günah varmı həyatda? Və hamımız yekdilliklə razılaşırıq ki, ƏSLA YOX!!! Torpağa Vətən deyib onun üzərində dünyaya göz açan, onun havasından, suyundan, duz-çörəyindən, hər bir nemətindən dadan insan övladı heç bir zaman Vətəninə, ölkəsinə qarşı nankor olmamalıdır! Tarixin hər dönəmində, heç bir ölkədə, heç bir xalqda Vətəninə, xalqına, ölkəsinə, Andına xəyanət edən heç bir kəsə haqq qazandırılmayıb, heç kim bağışlanmayıb”.

Əli İbrahimov onu da vurğulayıb ki, bu gün kimlərinsə Azərbaycana xəyanət edənlərə haqq qazandırmağa cəhd etməsi, nəinki öz xalqına, eyni zamanda ümumbəşəri dəyərlərə də xəyanətdir:

“Başqa cinayətlərdə yüngülləşdirici amillər axtarmaq bəlkə də mümkündür, amma VƏTƏN xainlərinin əməllərində bunu aramaq ən böyük cinayətdir.Bir dəfə internetdə görkəmli tarixçi alimimiz, Sovet İttifaqı Qəhrəmanı akademik , görkəmli alimimiz Ziya Bünyadovun qeydlərinə rast gəldim. Akademik yazırdı ki, Vətənə xəyanət edənlərə güllə vurmazlar. O təklif etmişdi ki, Azərbaycana xəyanət edənləri bulvardakı saat qülləsindən assınlar. Türk xalqları həmişə xainləri asaraq edam ediblər. Bu tarixi fakt bizlərin bu kimi cinayətə nə qədər həssas olduğumuzun göstəricisidir. Odur ki, bu gün Vətənə xəyanətə görə məhkum edilənləri və tarixi düşmənimiz olan ermənilərlə, Fars-mollq rejimi ilə əməkdaşlıq edənləri müdafiə etmək və onlara haqq qazandırmaq xalqımızın tarixinə, mənəvi dəyərlərinə, amal və əqidəsinə qarşı olunan ən böyük hörmətsizlikdir. Millətimizə qarşı zaman-zaman amansız vəhşiliklər törətmiş düşmənə və İslam dini altında “Bismillah” sözləri ilə onları müdafiə edənlərə satılan və onunla əlbir olan bəzi üzdəniraqları eşidəndə adam dəhşətə gəlir. Gərək nə qədər mənəviyyatsız, ləyaqətsiz və şərəfsiz olasan ki, maddi baxımdan varlanmaq üçün düşmənə casusluq edəsən. Görəsən bu xəyanətkarlar öz murdar və cinayətkar əməllərini həyata keçirdikləri zaman Xocalıda günahsız soydaşlarımıza qarşı törədilmiş müsibətlərdən bixəbər idilərmi? Əlbəttə ki, yox. Bəs, onlar Vətənə xəyanət edəndə öz ailələrini, ata-analarını düşünmədilərmi? Heç bir əməl gizli qalmır, hər bir əməlin üstü gec-tez açılır və heç kəs cəzasız qalmır. Belə nankorların da əməllərinin üstü açıldı və şübhəsiz onlar da vaxtında ən ağır formada cəzalarını alacaqlar. Böyük, qüdrətli dövlətimiz belələrini boşuna buraxa bilməzdi. Görəsən onlar xəyanətə yuvarlananda Vətən, torpaq uğrunda şəhid olan, müharibə meydanında itkin düşən, əlil olan yurddaşlarımızı düşünmədilərmi? Necə olursa-olsun, hansı mühütdə baş verməsindən asılı olmayaraq bu əməlin, bu nankorluğun dinimizdə, əqidəmizdə, qanunlarımızda bir adı var – Vətənə xəyanət. Xainləri isə uca Allahımız , xalqımız və hər kəs lənətləyir. Azərbaycan Respublikaı CM -nin 274-ci maddəsi. Dövlətə xəyanət
Dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Renspublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə—əmlakı müsadirə olunmaqla və ya olunmamaqla on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu maddədə, habelə bu Məcəllənin 276-cı maddəsində nəzərdə tutulmuş cinayətlərin törədilməsi üçün xarici ölkələrin xüsusi xidmət orqanları tərəfindən cəlb edilmiş şəxs aldığı cinayət tapşırığının icrası üzrə heç bir fəaliyyət göstərməmişsə və dövlət hakimiyyət orqanlarına könüllü surətdə və vaxtında məlumat vermişsə və ya Azərbaycan Respublikasının mənafelərinə ziyan vurulmasının qarşısının alınmasına sair formada kömək etmişsə, əgər onun hərəkətlərində başqa cinayətin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad olunur”.