Uzun zaman aktiv olmayan peyk qeyri-adi radiosiqnal göndərib

0
60

Kosmik eranın başlanğıcından bəri Yerətrafı orbitdə zaman-zaman “zombi-peyklər”, yəni uzun müddət susqunluqdan sonra qəfil siqnal göndərən cihazlar özlərini xatırladıb. Məsələn, 2012-ci ildə bir neçə həvəskar astronom müəyyən tezlikdə qeyri-adi radiosiqnallar aşkar etmişdi. Bu siqnallar dövri xarakter daşıyırdı, hər dörd saniyədən bir təkrarlanırdı.

Araşdırma nəticəsində məlum olub ki, bu siqnallar ABŞ-ın 1965-ci ildə Hərbi Hava Qüvvələri üçün peyk rabitə sisteminin sınaqlarını tutmaq məqsədilə orbitə buraxdığı LES-1 aparatından gəlir. Bu peyk 1967-ci ildən bəri “susmuşdu”. Mütəxəssislər ehtimal edir ki, illər ərzində günəş panelləri az miqdarda enerji toplayaraq köhnə batareyalara təsadüfi enerji ötürmüş ola bilər. Dörd saniyəlik fasilələrlə siqnalın gəlməsi isə peykin öz oxu ətrafında fırlanması ilə izah olunur.

2018-ci ildə də buna bənzər hadisə baş verdi. Yer maqnetosferi ilə bağlı 2000–2005-ci illərdə məlumat toplayan IMAGE zondu yenidən siqnal verdi. Alimlər “dirilən” aparata proqram yeniləməsi etməyə və onu yenidən fəaliyyətə qaytarmağa cəhd göstərsələr də, bir neçə ay davam edən qeyri-sabit telemetriya ötürülməsindən sonra cihaz yenidən susdu.

Lakin bu yaxınlarda baş verən hadisə əvvəlkilərdən kəskin şəkildə fərqlənir. Alimlər bunu “arXiv.org” serverində əlçatan olan məqalədə təsvir ediblər. Söhbət 2024-cü il iyunun 13-də Avstraliyadakı ASKAP radioteleskop kompleksi tərəfindən qeydə alınmış siqnaldan gedir. Bu siqnal tək, olduqca güclü və qeyri-adi dərəcədə qısa, yəni 30 nanosaniyədən az davam edib.

Bu cür hadisələrdə alimlər adətən kainatın dərinliklərində baş verən dramatik hadisələri, məsələn, neytron ulduzlarının toqquşmasını və birləşməsini nəzərdə tuturlar. Lakin bu siqnalın xarakteristikası süni mənşəli siqnallara xas idi və “ölü” peyklərdən gələn tipik siqnallardan çox-çox daha güclü idi.

Tədqiqatçılar mənbənin təxminən Yer səthindən 4500 km yüksəklikdə yerləşdiyini müəyyən ediblər. Onlar məlum orbitdə olan aparatlardan hansının həmin an bu hündürlükdə keçə biləcəyini araşdırarkən, “Relay 2” peykinin həmin ərazidən keçdiyini aşkar ediblər. Bu peyk 1967-ci ildən bəri fəaliyyətsizdir və NASA-nın ilk telekommunikasiya qurğularındandır. Hazırda hər iki ötürücüsü sıradan çıxmış hesab olunur və bu aparat orbitdə hərəkət edən “kosmik tullantı” sayılır.

Alimlər “ölü” peyki bu cür siqnal göndərməyə nəyin vadar etdiyini araşdırırlar. Ehtimallardan biri uzun illər Günəş küləyi təsirindən yaranmış elektrostatik boşalmadır. Başqa versiyaya görə, səbəb mikrometeoritin ona zərbə vurması ola bilər. Alimlər bu hadisənin sırf enerji bərpasından qaynaqlanan təsadüfi elektron aktivlik olmadığını düşünür. Onların fikrincə, bu nümunə dərindən öyrənilməlidir. Çünki bu cür elektrik boşalmaları fəaliyyətdə olan peyklərə də ciddi zərər verə bilər.