ÜST: “Türkiyənin illərlə digər xalqlara göstərdiyi səxavəti indi dünyanın ona göstərməsinin vaxtıdır”

0
168

“Fevral ayında Türkiyə və Suriyada baş verən zəlzələlər Avropa regionunda son bir əsrin ən dəhşətli təbii fəlakətidir”.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional bürosunun direktoru Hans Klüge brifinqdə bildirib.

Klüge zəlzələlər nəticəsində Türkiyədə 31 mindən çox, Suriyada isə 5 minə yaxın insan öldüyünü, həmçinin bu rəqəmlərin artmağa davam edəcəyini təəssüflə bildirib.

Hər iki ölkədə təbii fəlakətdə həyatını itirənlərə görə başsağlığı verən təşkilat rəhbəri böyük və dərin bir ağrının yaşandığını deyib və ÜST-nin köməyə ehtiyacı olan hər kəsin yanında olduğunu vurğulayıb.

O, həmçinin ÜST-nin Türkiyə və Suriyadakı zəlzələlərlə mübarizəyə dəstək üçün 43 milyon dollar dəyərində yardım çağırışı başlatdığını xatırladıb və bildirib ki, vəziyyətin yaxın gələcəkdə daha yaxşı qiymətləndirilməsindən sonra bu rəqəmin iki dəfə artacağı gözlənilir.

“Türkiyənin illərdir digər xalqlara göstərdiyi səxavəti indi beynəlxalq ictimaiyyətin Türkiyəyə göstərməsinin vaxtıdır. Türkiyə dünyanın ən çox qaçqın əhalisinə ev sahibliyi edir, çoxu Suriyadandır”, – deyə o vurğulayıb.

Qeyd edək ki, ÜST-nin Avropa Regionuna Avropa və Mərkəzi Asiyadan 53 ölkə, o cümlədən Türkiyə daxildir.