Yoluxucu xəstəliklərin sayının artması fonunda dünyada antibiotiklərin, xüsusən də “Penisilin” və “Amoksisillin” çatışmazlığı müşahidə olunur.
Bu barədə “Financial Times” qəzeti ÜST-ün dərman təminatı və çıxış qrupunun rəhbəri Liza Hedmana istinadən məlumat yayıb. Liza Hedmanın sözlərinə görə, ölkələrin çoxu penisilin antibiotiklərinin kəskin çatışmazlığı ilə üzləşib. Məsələn, ABŞ və Kanadada “Amoxicillin” çatışmazlığı var, Avropa İttifaqında isə 27 üzv ölkədən 25-i bəzi antibiotiklərin çatışmazlığını bəyan edib. Eyni zamanda Hedman qeyd edib ki, daha kasıb ölkələrdə mövcud vəziyyət haqqında məlumat azdır. Lakin aydındır ki, valyutaları ucuzlaşsa, onlar daha çox əziyyət çəkə bilərlər.
Səhiyyə mütəxəssisləri bildirib ki, dərman istehsalçıları koronavirus pandemiyası zamanı antibiotiklərə tələbatın azalması və tədarük zəncirlərində ciddi gərginlik səbəbindən istehsal həcmini azaldıblar. Həmçinin əczaçılıq şirkətləri tədarük və tənzimləyici məhdudiyyətlər səbəbindən istehsalı artıra bilmir. Məqalədə qeyd edilib ki, xüsusən də antibiotiklərin istehsalı üçün komponentlərin əldə edilməsində çətinliklər var. Enerji qiymətlərinin artması da istehsal müəssisələrinin mənfəətinin azalmasına səbəb olur.
“Ölkələr maska qadağasından sonra tənəffüs yoluxucu infeksiyaların bizə bu qədər ağır zərbə vuracağını gözləmirdilər”, – Hedman çatışmazlığın səbəblərindən danışarkən.
“Financial Times”ın məlumatına görə, bəzi ABŞ və Avropa əczaçıları parasetamol kimi ümumi ağrıkəsicilərin çatışmazlığının olduğunu elan ediblər. Buna səbəb qrip, respirator sinsitial virus və koronavirusun qış dalğası fonunda onlara tələbatın artması olub. Bütün bunların fonunda vərəm, dəri infeksiyaları kimi xəstəliklərin müalicəsi üçün dərman çatışmazlığı da müşahidə olunur