ÜST-dən yeni pandemiya ANONSU: “Hər an gələ bilər”

0
66

Dünyada hər an yeni bir pandemiya başlaya bilər.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə pandemiyanın qarşısının alınması üzrə saziş layihəsini hazırlayan Hökumətlərarası Danışıqlar qurumunun iclasında çıxışı zamanı bildirib.

“Mövcud H5N1 epidemiyası bizə xatırladır ki, növbəti pandemiya hər an gələ bilər”, – ÜST-nin baş direktoru deyib.

O, Hökumətlərarası Danışıqlar qurumu tərəfindən hazırlanan sənədi “nəsillərin razılaşması” adlandıraraq, bu təsisatın həyata keçirdiyi işlərin aktuallığını qeyd edib. “Danışıqların bu il başa çatdırılması tarixi hadisə olacaq”, – Qebreyesus vurğulayıb.

Sənəd üzərində işin nəticələrinə 2025-ci ilin mayında keçiriləcək 78-ci Ümumdünya Səhiyyə Assambleyasında və ya Assambleyanın 2024-cü ilin sonuna qədər baş tuta biləcək xüsusi sessiyasında yekun vurulacağı gözlənilir.

Bundan əvvəl iyulun 11-də Qebreyesus Cenevrədə keçirdiyi mətbuat konfransında Kamboca və ABŞ-də qeydə alınan son infeksiya hallarına diqqət çəkərək, bütün ölkələri quş qripi üzərində nəzarəti gücləndirməyə çağırıb. O, həmçinin risk qruplarının, xüsusən də yaşı 60-dan yuxarı olan şəxslərin və tibb işçilərinin COVID-19-a qarşı ildə azı bir dəfə peyvənd edilməsinin zəruriliyini xatırladıb.