Bu ilin mart ayında 25 mindən çox insan vəba xəstəliyinə yoluxub ki, bu da fevral ayı ilə müqayisədə 33 % azdır.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat verib.
ÜST-nin aylıq bülletenində qeyd olunub ki, mart ayında 16 ölkədən 25 424 vəba xəstəliyinə yoluxma halı və 169 ölüm faktı barədə məlumat daxil olub. Martda fevral ayı ilə müqayisədə 33 % daha az yoluxma halı qeydə alınsa da, ÜST azalma tendensiyasına ehtiyatla yanaşmağa çağırıb. Martda ən çox yoluxma Afrika və Şərqi Aralıq dənizi regionunda qeydə alınıb.
Qeyd edək ki, ÜST yanvarda dünyada vəbaya yoluxma hallarının artımını 3-cü dərəcəli fövqəladə vəziyyət kimi təsnif etmişdi və bu, ən yüksək çətinlik səviyyəsidir.
ÜST-dən qeyd edilib ki, dünyada vəba peyvəndlərinin kəskin çatışmazlığı davam edir. 2023-cü ilin yanvarından 2024-cü ilin martına qədər bu cür peyvəndlər üçün təcili müraciətlərin sayı kəskin artıb; 14 ölkə 79 milyon doza üçün müraciət edib. Halbuki həmin vaxt vaksin ehtiyatı 40 milyon ədəd idi. Aprelin 15-nə olan məlumata görə, dünya üzrə vəba peyvəndi ehtiyatı 2,3 milyon doza səviyyəsindədir.