“Uşaqların Təhlükəsizliyi və Gələcəyimiz: Rasim Məmmədovun Tədbirdə Çıxışı”

0
176

Bakı, 31 may – Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Prezidenti, İctimai Nəzarət Koalisiyası, Sabitlik və İnkişaf Mərkəzi İB-nin sədri Rasim Məmmədov, İNK-nın Mətbuat Departamentinin sədri Sənubər Qasımova Elm və Təhsil Nazirliyi ilə Baş Dövlət Yol Polisi İdarəsinin birgə təşkil etdiyi “Yol hərəkəti təhlükəsizliyinin təbliği” tədbirində iştirak ediblər.
Tədbirdə çıxış edərək, R.Məmmədov xüsusi vurğuladı ki, uşaqların küçələrdə və yollarda təhlükəsizliyi milli prioritetlərimizdən biridir:
“Uşaqlarımızın həyatı və sağlamlığı bizim üçün ən dəyərli sərvətdir. Onlara yol qaydalarını erkən yaşlardan öyrətmək, təhlükəsiz hərəkət mədəniyyətini aşılayaraq gələcəkdə baş verə biləcək faciələrin qarşısını almaq üçün vacib addımdır.”
Məmmədov valideynlərə və müəllimlərə müraciət edərək qeyd etdi:
“Hər bir valideyn və müəllim bilməlidir ki, uşaqlarımıza yol təhlükəsizliyi qaydalarını öyrətmək onların həyatını xilas etmək deməkdir. Bu, təkcə qanunların tələbi deyil, həm də bizim mənəvi borcumuzdur.”
Tədbir çərçivəsində 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və digər məktəblərdən olan müəllimlər yol hərəkəti təhlükəsizliyinin təbliği sahəsində göstərdikləri xidmətlərə görə Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi, İctimai Nəzarət Koalisiyası və Sabitlik və İnkişaf Mərkəzi İB-nin Fəxri fərmanları ilə təltif ediliblər.
Rasim Məmmədov tədbirin təşkilatçılarına minnətdarlığını bildirərək qeyd etdi ki, belə təlimlər və maarifləndirmə işləri uşaqların şüurunun formalaşmasında və onların təhlükəsiz böyüməsində həlledici rol oynayır:
“Bu gün uşaqlarımıza öyrətdiyimiz hər bir qayda, onların sabah təhlükəsiz və məsuliyyətli vətəndaşlar kimi yetişməsinə kömək edəcək. Yol təhlükəsizliyi mədəniyyətini yaymaqla biz nəinki fərdi faciələrin, həm də bütövlükdə cəmiyyətimizin qarşılaşdığı problemlərin qarşısını almağa kömək edirik.”