Uşaqlarda, hamilə qadınlarda bu xəstəlik genişlənir

0
495

Bu gün Milli Məclisin Səhiyyə Komitəsinin payız sessiyasında ilk iclası keçirilib.
Millət vəkili Qənirə Paşayeva çıxış edərək, təkliflər irəli sürüb. O, məktəblərdə keçirdiyi görüşləri zamanı məktəbyaşlı uşaqlar arasında skalioz və kifozların sayının artmasının müşahidə olunduğunu vurğulayıb:
“Böyüyən uşaqlar arasında skalioz və kifozların sayının artması onlarda gələcəkdə bir sıra xəstəliklərin əsasını qoyur. Seçki bölgəsində keçirdiyim görüşlər zamanı skalioz və kifozdan əziyyət çəkən uşaqların müalicəyə cəlb olunmasına çalışmışıq, lakin onun müalicəsi kifayət qədər vaxt və vəsait tələb edir. Bəzən isə əməliyyat etmək lazım olur, bu isə çox ağrılı prosesdir. Ona görə MM-in Elm və təhsil komitəsini və Səhiyyə komitəsini, Səhiyyə və Təhsil nazirliklərinin nümayəndələrini dəvət edərək, məktəbyaşlı uşaqlar arasında skalioz və kifoz hallarının artması məsələsini birgə müzakirə etməyə, bu səxtəlikdən əziyyət çəkən uşaqların müalicəyə və müayinəyə cəlb edilməsi kimi məsələləri müzakirə etməyə çağırıram”.
Millət vəkili Paşayeva unun zənginləşdirilməsi məsələsinə xüsusi diqqət yetirməyi təklif edib:
“Bir sıra xarici ölkələrdə anemiyanın qarşısının alınması məqsədilə unun zənginləşdirilməsinə xüsusi diqqət yetirilir. Ölkəmizdə hamilə qadınlarda və yeni doğulacaq uşaqlarda anemiya halları artmaqdadır, bunun qarşısının alınması üçün unun zənginləşdirilməsi məsələsinə xüsusi diqqət yetirilməlidir. Hesab edirəm ki, bu məsələnin ciddi şəkildə həllinin tapması vacibdir və komitə tərəfindən aidiyyəti qurumlara müraciət edilməsinə ehtiyac var”.
Q.Paşayeva eyni zamanda “Reproduktiv sağlamlıq haqqında” qanunun payız sessiyasında qəbulunun vacibliyini qeyd edib:
“Yüzlərlə sonsuzluqdan əziyyət çəkən ailələr bu qanunun qəbulunu gözləyirlər, ona görə də bu qanunun payız sessiyası zamanı qəbul edilməsinə çağırıram”.
Q.Paşayeva ictimai yerlərdə tütün məmulatlarından istifadənin qadağan edilməsi haqqında yüksək səviyyəli qanunun qəbul edilməsinə baxmayaraq, qanunun icrası ilə bağlı ciddi problemlərin olduğunu deyib.