Uşaqlar üçün virtual BƏLA: Nazirlik monitorinq qrupu yaratmalıdır

0
700

Son zamanlar mətbuatda, sosial şəbəkələrdə tez-tez gündəmə gələn məsələlərdən biri uşaqlar üçün zərərli mobil oyunların sürətlə yayılmasıdır. Təkcə Azərbaycanda deyil, digər ölkələrdə də bu problemlə üzləşən valideynlər, psixoloji cəhətdən zərərli oyunların qurbanı olan uşaqlar var. Mütəxəssislərin həyacan təbili çaldığı bəlanın arxasında hansı məqsədlərin dayandığı cəmiyyətə məlum deyil.

Maraqlıdır, uşaqların psixologiyasını alt-üst edəcəyini bilərək, kimlər, nə məqsədlə bu mobil tətbiqetmələr hazırlayırlar?

Bu barədə “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz düşünür ki, yeni proqramçılığa başlayan şəxslər özlərini təsdiq etmək məqsədilə belə oyunları hazırlayırlar:

“Məsələn, bir komanda yığışır, ya hakerlik edib, kiminsə proqramını çökdürərək, özlərini təsdiq etməyə çalışır, ya da ki, bu cür zərərli mobil oyunları hazırlayaraq, diqqət cəlb edirlər. Bir müddət hakerlik dəbdə idi. Məqsəd isə, dediyim kimi hansısa qurumun, təşkilatın, hətta dövlət orqanının proqramını çökdürüb, iş yeri əldə edirdilər. İndi isə göründüyü kimi, zərərli mobil oyunlar hazırlayaraq, əməllərini bütün dünyada yaymağa çalışırlar”.

Osman Gündüz proqramların hazırlanmasında maliyyə, reklam əldə etmək maraqlarının olmasını da istisna etməyib:

“Sürətlə yayıldığı təqdirdə həmin mobil oyunlar populyarlaşır və reklam təklifləri artır. Ona görə, proqramçıların qazanc əldə etməsi də asanlaşır.

Mobil tətbiqetmələrin sırf siyasi məqsədlərə xidmət etməsi də istisna deyil. Uşaqlara psixoloji təsir edən, onları yoldan çıxaran, intihara sürükləyən oyunlar hansısa quruma, təşkilata qarşı yönəlmiş ola bilər. Hətta böyük siyasi məqsədlər güdərək, müxtəlif ölkələrə qarşı yönələcəyini də düşünməliyik. Bu zərərli proqramların hazırlanmasının arxasında istənilən qədər maraq tapa bilərik. Əsas odur ki, biz özümüzü və övladlarımızı zərərli proqramlardan, mobil tətbiqlərdən qorumağı bacaraq”.

Azərbaycanda internet problemləri ilə bağlı aidiyyəti dövlət qurumunun olduğunu diqqətə çatdıran mütxəssis vurğulayıb ki, qanunvericilik də məsələnin tənzimlənməsinə imkan verir:

“Qanuna görə, müvafiq dövlət qurumu nəzərdə tutulan qaydada saytları bloklaya bilər. Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bununla məşğul olmalıdır.  Nazirlik ciddi diqqət ayıraraq, monitorinq aparan qrup yaratmalı, zərərli mobil oyunları, tətbiqetmələri, saytları aşkara çıxarmalıdır. Təəssüf ki, nazirlik qanunun imkan verdiyi məqamları tək xəbər saytlarına şamil etməyə çalışır. Halbuki uşaqlara psixoloji zərbə vuran oyunlar, pornoqrafiya, şiddət təbliğ edən veb-saytlar, mobil tətbiqetmələrin də fəaliyyəti dayandırılsa, məqsədəuyğun olar”.