Uşaqlar bıçaqdan tutub atalarını analarını öldürməyə qoymadılar

0
168

Gədəbəydə həyat yoldaşını bıçaqlamağa cəhd edən şəxs həbs edilib.

Hadisə rayonun Novoivanovka kəndində baş verib. Həmin kəndin sakini olan 1985-ci il təvəllüdlü İ.M. sərxoş halda arvadını bıçaqlamaq istəyib. Bunu görən onun övladları özlərini bıçağın qarşısına atıblar və kəsici aləti əlləri ilə tutaraq atalarına analarını vurmağa imkan verməyiblər. Bu zaman digər uşaq polisə zəng edərək kömək çağırıb. Hadisə yerinə gələn polislər kişinin evdə əlində bıçaqla dayandığını görüblər və onu saxlamağa çalışıblar. İ.M. müqavimət göstərsə də, o tutularaq polis şöbəsinə aparılıb.

Tutulan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci (xuliqanlıq və polisin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilib.

Protokol əsasında ifadə verən 38 yaşlı şəxs törətdiyi əməli etiraf edib və hadisə vaxtı sərxoş halda olduğunu deyib:

“Fevralın 6-da iribuynuzlu heyvanımı bazara aparıb satdım və əvəzinə xırdabuynuzlu heyvan aldım. Bundan sonra sərxoş vəziyyətdə yaşadığım evə getdim, lakin həyat yoldaşım mənimlə mübahisə etməyə başladı, aramızda dava baş verdi. Mən arvadımı bıçaqla vurmaq istədim, hadisə yerinə gələn övladlarım bıçağı əlimdən almağa çalışırdı, bu zaman onlar da xəsarət aldılar. Övladlarımdan biri DİN-in “102” xidmətinə müraciət edib polis əməkdaşlarını çağırıb”.

Protokola əlavə edilmiş sənəddə qeyd edilib ki, hadisə vaxtı İ.M.-in 2006 və 2007-ci il təvəllüdlü övladları əllərindən kəsilmiş xəsarət alıblar.

Polisə zəng edən yeniyetmə atasına qanunamüvafiq olaraq cəza verilməsini xahiş edib.

Gədəbəy Rayon Məhkəməsinin qərarı ilə İ.M-ə 20 sutka inzibati həbs cəzası verilib və o, saxlanma yerinə aparılıb.