Uşaq pullarının bərpası ilə bağlı son xəbər

0
644

Sentyabrın 1-dən Azərbaycanda minimum əməkhaqqı 250 manata olacaq. İyunun 18-də Prezident İlham Əliyev bununla ilə bağlı sərəncam imzalayıb.

Amma dəfələrlə Milli Məclisdə bəzi deputatlar və müstəqil ekspretlər aylıq uşaq müavinətlərin verilməsinin bərpasını gündəmə gətirsələr də, bu barədə hər hansı yenilik yoxdur.

Deputat Vahid Əhmədov “Azadlıq Radiosu”na uşaq pullarının bərpasının gündəmdə olduğunu bildirib:

“Bərpanın necə qəbul ediləcəyi, yaxud hansı sistem əsasında götürüləcəyi hesablamalardan asılıdır”.

Vahid Əhmədov onlara uşaq pullarının bərpası haqqında müraciətlərin olduğunu və qanunverici orqanda məsələni qaldırdıqlarını xatırladır:

“Bizə aylıq uşaq pullarının bərpa edilməsi barədə müraciət edirlər. Səhv etmirəmsə, yanvar yaxud fevralda Prezident doğulan uşaqlara birdəfəlik yardımın artırılması haqqında sərəncam imzaladı ( Bu il aprelin 1-dən həmin birdəfəlik məbləğ təqribən 2 dəfə artırılaraq 200 manata çatdırılıb – red). Biz bunun da az olduğunu düşünürük, uşaqların ehtiyacını qarşılamaq, sağlam böyüməsi üçün uşaq pulunu bərpa etmək lazımdır. Amma neçə yaşa qədər uşaq pulu verilməlidir, o artıq prosedur məsələlər olduğundan, müzakirə edilməlidir. Bir daha deyirəm, biz uşaq pullarının bərpasının tərəfdarıyıq”.

Deputat güman edir ki, hökumətdə bununla bağlı müəyyən təcrübələr öyrənilir:

“Eyni zamanda, iqtisadi tərəfinə baxılır ki, bunun üçün nə qədər məbləğə ehtiyac var. Yəni, məsələ gündəmdədir”

Vahid Əhmədov daha sonra isə  “Hər hansı ölkənin təcrübəsinin tətbiqinin tərəfdarı olmamışam. Azərbaycan müstəqil dövlətdir, əgər insanların bu tələbatı varsa, uşaqların normal, sağlam böyüməsini istəyiriksə, bunu etmək lazımdır”.

Qeyd edək ki, İlham Əliyevin son qərarı ilə müəllimlərin 20, bəzi güc orqanlarında çalışanların 40, Mərkəzi Seçki Komissiyası (MSK) üzvlərinin isə maaşları 50 faiz artırılıb. Minimum əməkhaqqı, müavinət və təqaüdlər isə  sonuncu dəfə bu ilin əvvəlində artırılmışdı.