Bir insanın ən şirin, qayğısız günləri onun uşaqlıq illəri deyilmi? Bəlkə də bu qayğısızlığın səbəbi saçımıza sığal çəkən, hər dəqiqə qayğımıza qalan, bizi himayə edən valideynlərimizdir. Valideyn himayəsində olan uşaqlar dünyanın ən xoşbəxt sakinləridir. Təəssüf ki, bu dünyada bu xoşbəxtlikdən məhrum olan yüzlərlə, minlərlə uşaq var.
Bəzən uşaqların çox doğulan kimi valideynləri tərəfindən küçəyə atılır. Onların taleyi isə yalnız allaha qalır. Bəzən isə imkansızlıq və bu kimi digər “səbəblərdən” ana, ata öz övladından, canının bir parçasından imtina edərək onu kimsəsiz uşaqlar evinə verir.
Bildiyimiz kimi, uşaq evləri, internatda kimsəsiz və ya müəyyən müddətə verilmiş uşaqlara yalnız 18 yaşına kimi himayə edir. Orada uşaqlara göstərilən qayğı valideyn himayəsini əvəz etməsə də onlar məktəbə göndərilir, təlim -tərbiyə edilir.
Bəs həmin uşaqların 18 yaşı tamam olduqdan sonra aqibətləri necə olur? Onları sonrakı müddətdə nələr gözləyir?
Məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxlayıb. Bildirilib ki, Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən valideyn himayəsindən məhrum gənclər üçün “Məzun evi” Sosial Müəssisəsi yaradılıb:
“Ölkəmizdə hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum gənclərin mənzillə təminatı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu kateqoriyadan olan gənclərə xüsusi qayğısı və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın humanist təşəbbüsü nəticəsində həyata keçirilir.
Belə ki, Fondun mühüm sosial əhəmiyyət kəsb edən daha bir layihəsi kimi, son illərdə Abşeron rayonu, Masazır kəndində hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun “Məzun evi” Sosial Müəssisəsi yaradılıb. Son illərdə burada tikilmiş iki yeni yaşayış binası dövlət uşaq müəssisələrinin məzunlarının istifadəsinə verilib və inşası başa çatmış daha bir binada da məzunların mənzillə təminatı işləri davam edir.
Məzun evində mənzillə təmin olunanların əksər hissəsi burada yeni mənzillə təmin edildikdən sonra ailə qurub. Cəmi, sakinlərin sayı 500-dən çoxdur. Hazırda “Məzun evi”ndə 171 ailə var, onlarda 146 uşaq böyüyür. Burada 60 nəfərlik uşaq bağçası da tikilib. “Məzun evi”ndə dördüncü çoxmənzilli bina da inşa olunur”.
Bildirilib ki, “Məzun evi”nin sakinlərinin məşğulluğunun təminatı da daim diqqətdə saxlanılır:
“Onlardan böyük əksəriyyəti müəssisənin özündə, həmçinin yaxınlıqda yerləşən müxtəlif müəssisələrdə münasib işlərlə təmin olunublar. Bununla yanaşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə “Məzun evi”ndə xalça və tikiş sexləri də yaradılıb. Müəssisədən bir qrup gənc nazirlik tərəfindən təşkil edilən peşə hazırlığı kurslarında müvafiq peşələrə yiyələndikdən sonra bu sexlərdə işlə təmin olunublar.
“Məzun evi” Sosial Müəssisəsinin Nizamnaməsinyə uyğun olaraq, Təhsil Nazirliyi tərəfindən dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş, yaşayış yeri olmayan məzunları barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunan siyahı əsasında həmin məzunlar “Məzun evi”nə yerləşdirilirlər. Bununla əlaqədar onların hər biri ilə müddət göstərilmədən yaşayış sahəsinin əvəzsiz istifadə müqaviləsi bağlanılır”.
Burada hər bir məzuna bir mənzil təqdim olunur. Onlara dəstək olmaq məqsədilə ilk 6 ay üçün olan kommunal xərcləri dövlət büdcəsindən qarşılanır. Binada məskunlaşan və dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində əyani təhsil alan 23 yaşınadək şəxslərin kommunal xərclərinin isə onların təhsil aldığı müddətdə dövlət büdcəsi hesabına ödənilməsi təmin olunur. Bütün mənzillər lazımi mebel, inventar və avadanlıqla, mətbəx avadanlığı və yataq dəstləri ilə təchiz edilib, normal yaşayış üçün müasir şərait yaradılıb. Müəssisədə 50 yerlik kafe və mətbəx, bərbərxana, ticarət salonu, stolüstü oyunlar və internet zalları, camaşırxana var. Onlara zəruri və mümkün olan bütün dəstək göstərilir”.
Son olaraq onu da qeyd edək ki, yaxın günlərdə məzun evinin sakinləri üüçün ƏƏSMN Yanında Dövlət Məşğulluq Xidməti tərəfindən daha iki peşə kursu təşkil edilməsi nəzərdə tutulub.
Könül Cəfərli