Uşaq evində böyüyən qadın körpəsi ilə birlikdə çətin durumdadır

0
295

Əqli və fiziki qüsurlu uşaqlar üçün olan körpələr evində böyüyən ana uşağı ilə sığınacağa yerləşdirilib. 

Bu barədə  “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib. 

O bildirib ki, körpəsi ilə soyuqda qalmasın deyə qadın uşağı ilə birlikdə dərhal sığınacağa qəbul edilib:

“Düzdür, digər sakinlərlə çox kobud davransa da, səhhətində olan problem, yaşadıqlarına görə onu haradasa başa düşmək olur. Uşaq evindən 16 yaşından çıxdıqdan sonra, əmisi oğluna ərə gedib. İlk ailəsi uğursuz olduğundan 2-ci dəfə ailə həyatı qurub. Əri onu döydüyünə və uşağına baxmadığına görə 2-ci yoldaşından dünyaya gələn uşağını da götürüb evdən çıxıb. Hazırda heç bir qohum və tanıdıqları onu xəstəliyinə və uşağına görə qəbul etmir. Qadın övladını qətiyyən yanından ayırmır amma sığınacaqda da qalmaq istəmir.

O bildirir ki, uşağını ya uşaq evinə verəcək, ya da uşağına küçələrdə baxacaq. Sabah dövlət nümayəndələrinin gəlişini gözləyəcəyik. Ananın müalicəsi və körpənin gələcəyi ilə bağlı mütləq ciddi işlər görülməlidir. Təəssüf ki uşaq evindən çıxan uşaqlar üçün hələ də yaxşı bir mexanizm formalaşmayıb”.