Ümumdünya Səhiyyə Təşkilatı: COVID-19-a görə digər xəstələrin müalicəsi arxa plana keçib

0
295

Koronavirus pandemiyası bütün dünyada əksər xəstəliklərin müalicəsini arxa plana keçirib.

Bu barədə məlumat Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 155 ölkə üzrə apardığı sorğunun nəticələrində əksini tapıb. ÜST-nin rəhbəri Tedros Qebreyesus sorğu nəticələrini şərh edərkən bildirib ki, ölkələr COVID-19 xəstəliyinə qarşı mübarizə ilə yanaşı, qeyri-yoluxucu xəstəliklərlə bağlı tibbi xidməti təmin etmək üçün innovativ həll yolları tapmalıdırlar.

Sorğu aparılan ölkələrin 31 faizi kəskin ürək-damar xəstəliklərindən əziyyət çəkən xəstələrin tibbi təminatını ya məhdudlaşdırmalı, ya da tamamilə dayandırmalı olublar. Ölkələrin 42 faizində xərçəng xəstələri, 49 faizində diabet xəstələri və 50 faizindən artıq ölkələrdə isə hipertoniya (yüksək qan təzyiqi) xəstələri həmişəki səviyyədə tibbi dəstəyi ala bilməyiblər. Reabilitasiya proqramları 63 faiz ölkədə məhdudlaşdırılıb. Müxtəlif xəstəliklərin profilaktik müayinəsi və erkən mərhələdə aşkarlanması üçün proqramlar da pandemiya dövründə azalıb.

Əksər hallarda müayinə və müalicə proseduru tibbi heyətin COVID-19 xəstəliyinə qarşı mübarizəyə səfərbər edilməsi, pasiyentlərin sərbəst hərəkət məhdudiyyətləri ilə əlaqədar xəstəxanalara gedə bilmədikləri və ya risk qrupuna daxil olduqları üçün getmək istəmədikləri üçün təxirə salınmalı olub. ÜST-dən bildirilib ki, hər il dünyada qeyri-yoluxucu xəstəliklərlə əlaqədar 41 milyon insan vəfat edir. Bu isə bütün ölüm hallarının 71 faizi deməkdir.