Oktyabrın 19-da Bakının Xətai rayonunda ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, nəinki ölkənin, bütövlükdə regionun aparıcı siyasi təşkilatına çevrilən Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyinə həsr olunan “Yeni Azərbaycan Partiyası-30” mövzusunda konfrans keçirilib.
Partiyadan verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin adını daşıyan parka gələrək Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzüblər.
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin və müstəqilliyimizin, ərazi bütövlüyümüzün təmin olunması yolunda canlarından keçən Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Sonra cəmiyyətdə böyük nüfuza, siyasi çəkiyə malik, ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyətini özündə əks etdirən film nümayiş olunub.
Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə qalib Azərbaycanın bugünkü uğurlarının fonunda dünənimizə nəzər salaraq cəmiyyətin avanqard qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyasının yaradılmasını şərtləndirən amillərdən bəhs edib. Bildirib ki, partiyanın yaradılmasından ötən 30 illik zaman məsafəsi dünənimizə baxış fonunda bugünümüzün reallıqlarının təhlili və onların əsasında perspektivlərin müəyyənləşdirilməsi baxımından zəngin bir dövrdür. İllər biri-birini əvəzlədikcə baş verən hadisələrin mahiyyəti daha dərindən dərk olunur və düzgün qiymətləndirmənin aparılması üçün daha geniş imkanlar yaranır. Yeni Azərbaycan Partiyasının yaradılmasının səbəbi xalqın böyük əksəriyyətinin istəyini ifadə edən 91 nəfər ziyalının ulu öndər Heydər Əliyevə müraciətinin adında özünün aydın ifadəsini tapır “Azərbaycan Sizin sözünüzü gözləyir”. Bu, o illər idi ki, ölkədə xaos, anarxiya, özbaşınalıqlar hökm sürür, iqtisadi böhran tüğyan edir, eyni zamanda, torpaqlarımız biri-birinin ardınca işğal olunurdu. Xalqın sabaha ümidləri tamamilə itmişdi. Belə bir çətin dövrdə Azərbaycan ziyalıları Yeni Azərbaycan Partiyasının yaradılması və ona rəhbərliyi dahi şəxsiyyət Heydər Əliyevin etməsi ilə bağlı Ümummilli Liderə müraciət etdilər. Şübhəsiz ki, Vətənini, xalqını canından artıq sevən, hər zaman Azərbaycanın gələcəyi barədə düşünən, ölkəmizin müstəqilliyini tarixi nailiyyətimiz kimi dəyərləndirən ulu öndər Heydər Əliyev xalqın yaşadığı çətin vəziyyətə biganə qala bilməzdi. Ümummilli Liderin ziyalıların müraciətinə “Yeni Azərbaycan uğrunda” cavabı da bugünkü inkişafın prioritetlərinin təqdimatı oldu. Təsis konfransını məlum səbəblərdən Naxçıvanda keçirən Yeni Azərbaycan Partiyası yaradılmasından çox keçmədi ki, iqtidar partiyasına çevrildi. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi əsasında hakimiyyətə qayıdışı ilə həm ölkəmizin, həm də Yeni Azərbaycan Partiyasının həyatında yeni bir mərhələ başladı.
Vüqar Rəhimzadə vurğuladı ki, ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasını dünənin, bu günün və gələcəyin partiyası kimi dəyərləndirirdi. Bu tezis bütün dövrlərdə öz aktuallığını qoruyaraq Yeni Azərbaycan Partiyasının fəaliyyətinə bələdçilik edir. 2003-cü ildən ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası daha da inkişaf etdi, regionun aparıcı siyasi təşkilatına çevrildi. Hazırda partiyanın sıralarında 800 minə yaxın üzvün birləşməsi Heydər Əliyev ideyalarına sədaqətin göstəricisidir.
Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev Azərbaycanın bu gününü dünəni ilə müqayisə edərək Heydər Əliyev yolunun hər zaman ölkəmizə davamlı uğurlar qazandırdığını bildirib. Artıq bu gün qalib Azərbaycandan danışırıq. Bu sevinci bizə yaşadan dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdarıq. Canları, qanları ilə tarix yazaraq şəhidlik zirvəsinə ucalan Vətən oğullarının ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyirik. Onlar Vətən müharibəsində qazandığımız tarixi Zəfərimizin qəhrəmanlarıdırlar. Qalib ölkənin vətəndaşı olmaq böyük qürur və məsuliyyətdir. Hər bir kəs Azərbaycanın daha uğurlu gələcəyi üçün səylərini artırmalı, postmünaqişə dövrünün reallıqlarının həyata keçirilməsinə öz töhfəsini verməlidir.
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mixail Zabelin ulu öndər Heydər Əliyevin qalib Azərbaycanımız üçün yaratdığı möhkəm təməldən geniş bəhs edib. Bildirib ki, ulu öndər Heydər Əliyev hakimiyyətinin hər iki dövründə ölkəmizin bu günü üçün möhkəm təməl yaradıb, son 19 ildə bu siyasətin uğurlu davamı ölkəmizə biri-birindən mühüm nailiyyətlər qazandırıb.
YAP Veteranlar Şurasının üzvü, professor Misir Mərdanov bildirib ki, bu gün ölkəmizin hər yerində ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illik yubileyi təntənə ilə qeyd edilir. Ötən 30 il həm partiyanın, həm də ölkəmizin həyatında mühüm hadisələrlə zəngindir. Bu uğurların zirvəsində dayanan tarixi Zəfərimizi şərtləndirən amillər 30 ilin təhlili fonunda aydın şəkildə görünür. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursa sadiqliyini atdığı hər addımında təsdiqləyən Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP yeni-yeni hədəflərə doğru inamla irəliləyir.
YAP Xətai rayon təşkilatı ərazi partiya təşkilatının sədri, akademik Vaqif Abbasov bildirib ki, Yeni Azərbaycan Partiyası Vətənin, dövlətin ən ağır zamanlarında yaranıb və Azərbaycanı bugünkü inkişafa, qalibiyyətə gətirib çıxarıb. Partiya ilk gündən ümumxalq partiyasına çevrilərək xalqda sabaha inam yaratdı, qarşıya qoyduğu vəzifələri uğurla həyata keçirməklə ölkənin inkişafına, tərəqqisinə yol açdı. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Yeni Azərbaycan Partiyasının həyatında da yeni mərhələnin əsasını qoydu. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə görülən möhtəşəm işlərdə YAP-ın misilsiz xidmətləri var. Şərəfli inkişaf yolu keçən partiya müstəqillik dövründə ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayır, sıraları ildən-ilə genişlənir.
Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, “91-lər”in üzvü, professor Ədalət Fərəcov çıxış edərək partiyanın yarandığı mürəkkəb tarixi-siyasi şəraitdən, keçdiyi çətin və şərəfli mübarizə yolundan, Heydər Əliyevin xalqın və dövlətin qarşısında böyük xidmətlərindən danışıb. Bildirib ki, Azərbaycanın yeni tarixində mühüm siyasi əhəmiyyəti olan hadisələr arasında Yeni Azərbaycan Partiyasının yaradılması xüsusi yer tutur. Bu partiyanın yaranması respublikamızın müasir tarixinin ən yaddaqalan hadisələrindəndir. YAP Azərbaycan tarixinin son dərəcə ağır və mürəkkəb günlərində, ölkənin ciddi qarşıdurmaya məruz qaldığı bir dövrdə ziyalıların təşəbbüsü və fəal iştirakı ilə yaranıb. Ulu öndər Heydər Əliyevin yüksək nüfuzu, xalqın ona böyük inam və etimadı Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində böyük nüfuz qazanmasını təmin edən mühüm faktorlardan birinə çevrildi. YAP qısa müddət ərzində Azərbaycan xalqının iradəsi əsasında hakimiyyətə gələrək ölkəmizin həyatında keyfiyyətcə və mahiyyətcə tamamilə yeni mərhələnin başlanmasını, yeni Azərbaycanın quruculuğunun həyata keçirilməsini təmin etdi.
Daha sonra çıxış edən ehtiyatda olan polkovnik Şair Ramaldanov, Xətai Rayon Ağsaqqallar Şurasının sədr müavini, şəhid atası Mürvət Əsgərov, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Anar Mirzəyev, bu gün YAP sıralarına üzv qəbul olunan Xətai Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi Anar Məmmədov və başqaları ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərinin miqyasının ölçüyəgəlməzliyindən, YAP-ın ölkəmizin tarixində mühüm rolundan bəhs ediblər. Bildiriblər ki, tarixi Zəfərimiz harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandırır və hazırda işğaldan azad edilmiş torpaqlarımızda geniş miqyas alan bərpa-quruculuq işlərində fəal iştiraka çağırış edir.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi ilə əlaqədar ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup YAP üzvünə Fəxri fərmanlar və partiyanın üzvlük vəsiqəsi təqdim olunub.