Ukraynanın Belarus və Rusiya ilə sərhəd zolağı niyə genişləndirilir?

0
171

Ukraynanın Belarus və Rusiya ilə sərhəd zolağının eni 2 kilometrə qədər genişləndiriləcək. Ərazisi minalanacaq, orada xüsusi rejim fəaliyyət göstərəcək.

Bu barədə danışan Ukrayna Dövlət Sərhəd Xidmətinin spikeri Andrey Demçenko Ali Radanın bu yaxınlarda səs çoxluğu ilə müvafiq qanun layihəsini qəbul etdiyini xatırladıb.

“2 kilometrə qədər olan zolaqda Müdafiə Qüvvələrinin müharibə və sülh dövründə fəaliyyəti tənzimlənib.

Beləliklə, sərhəd xətti boyunca faktiki sərhəd zolağı yaradılır, onun daxilində xüsusi torpaqdan istifadə rejimi fəaliyyət göstərir.

Sərhəd zolağı adətən dövlət sərhədinin bütün bölmələrində 30-50 metrdir, Rusiya və Belarusla bu zolaq 2 kilometrə qədər olacaq. Bəzi yerlərdə daha az ola bilər, hər şey landşaftdan və istiqamətlərin təhlükəsindən asılıdır.

Bu işlər bu ərazidə dövlət sərhədimizin nəzarətini və müdafiəsini gücləndirmək məqsədilə edilir”, – deyə Demçenko bildirib.

O, həmçinin əlavə edib ki, Rusiya və Belarusla sərhəddə 2 km-ə qədər olan relyef zolağında yuxarıda qeyd olunanlarla yanaşı, xüsusi rejim də yaradılır, lakin bu, yerli sakinlərin köçürüləcəyi demək deyil. Bu ərazilərdə hərəkət və fəaliyyət üçün xüsusi icazələr veriləcək və onların verilməsi mexanizmi hazırlanır.