Azad olunmuş ərazilərdə fəal bərpa işləri, 30 illik ölümcül işğala məruz qalmış regionda minatəmizləmə probleminin həlli, yeni yol, körpü və digər infrastrukturun salınması, həmçinin tarix və mədəniyyət abidələrinin bərpası haqqında Ukraynanın “5-ci Kanalı” azad olunmuş Qarabağdan silsilə süjetlərində danışıb.
Telekanalın jurnalisti Qarabağda gördüklərindən danışarkən vurğulayıb ki, Ukrayna Azərbaycandan humanitar minatəmizləmə və gələcək yenidənqurma təcrübəsini öyrənə bilər.
Birinci süjetdə qeyd olunur ki, Azərbaycanın 30 il işğal altında olan əzəli torpaqlarının qaytarılması tarixi ədalətin bərpasıdır.
“Artıq Qarabağın bərpası ilə bağlı işlərin üçüncü ili gedir – yollar çəkilir, dağıdılmış qədim məscidlər bərpa olunur, körpülər salınır, aeroportlar tikilir. Cəmi iki il əvvəl burada buldozerlər işləyirdi, minlərlə minanın intensiv təmizlənməsi gedirdi – indi biz yeni tikilmiş hava limanını görürük”, – süjetin müəllifi bildirir.
Süjetlərdə hazırda Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) fəaliyyət göstərdiyi Qarabağda minalardan təmizlənməmiş hələ də minlərlə hektar ərazilərin olduğu vurğulanır.
Ağdama səfərini şərh edən jurnalist qeyd edib ki, Ağdamı Qafqaz Hirosiması adlandırırlar, çünki burada, demək olar, heç nə qalmayıb – hər şey dağıdılıb.
“Ağdam rayonunda 68 min hektar ərazi minalanıb, bunun 17 min hektardan çoxu təmizlənib”, – ANAMA-nın əməliyyatlar üzrə meneceri Xaliq Zülfüqarov jurnalistlərə bildirib.