Ukraynalı deputat: “İran təcavüzkara köməyini davam etdirsə, iqtisadi sanksiyalarla üzləşəcək”

0
219

“İran təcavüzkara köməyini davam etdirsə, iqtisadi sanksiyalarla üzləşəcək”.

Bunu Ukrayna Ali Radasının hakim “Xalqın xidmətçisi” partiyasından olan deputatı Valeri Kolyux bildirib.

O deyib ki, rəsmi Tehran Kiyev ilə münasibətlərin korlanmasına görə tam məsuliyyət daşıyır və Ukraynaya qarşı təcavüzü davam etdirmək, əhalini qətlə yetirmək üçün Moskvaya qəsdən kömək edir.

Deputat Ukraynanın İran səfirinin akkreditasiyasını geri götürdüyünü və əgər rəsmi Tehran doğru yola gəlməzsə, ona qarşı əlavə iqtisadi sanksiyaların tətbiq olunacağını diqqətə çatdırıb.

Onun sözlərinə görə, Rusiya kəskin raket çatışmazlığını açıq şəkildə İranın pilotsuz uçuş aparatları (PUA) ilə kompensasiya edir və dinc əhalini qorxutmağa çalışır:

“İran istehsalı olan “Shahed-131”, “Shahed-136”, “Mohajer-6” kimi PUA-ların oyuna daxil olması müəyyən psixoloji təsir yaradıb. “Moped” səsi bu silahın vizit kartına çevrilib və Ukraynanın mülki əhalisi arasında xoşagəlməz emosiyalar yaradır”.

V.Kolyux qeyd edib ki, Ukrayna təcavüzkarın köməkçilərinə qarşı tolerant olmaq niyyətində deyil:

“Rusiyanın Kiyev, Odessa, Dnepr, Nikolayev, Zaporojye və Ukraynanın digər şəhərlərinə son hücumlarında İran PUA-larından istifadə etməsi rəsmi Moskvanın qışda dövlətimizi və cəmiyyətimizi elektrik enerjisindən məhrum etmək kimi qeyri-insani siyasətində müəyyən rol oynayıb. Bəli, enerji infrastrukturumuz həm İran PUA-ları, həm də Rusiyanın qanadlı və ballistik raketləri ilə zərbələrə məruz qalır. Biz təcavüzkarın köməkçilərinə qarşı tolerant olmaq niyyətində deyilik”.