Ukrayna Prezidentinin Aparat rəhbərinin müavini İqor Jovkva Kiyevin Borispol Beynəlxalq Hava Limanında koronavirusla (COVİD-19) mübarizə tədbirləri çərçivəsində Bakıdan göndərilən humanitar yardımı daşıyan təyyarənin qarşılanma mərasimində iştirak edib.
23 tonluq humanitar yardıma 100 min tibbi maska, beş min qoruyucu kombinzon, həmçinin təmassız termometrlər, dezinfeksiyaedici maddələr və başqa məmulatlar daxildir.
“Ukrayna Azərbaycan Respublikasına və şəxsən Prezident İlham Əliyevə koronavirus pandemiyası ilə mübarizənin çətin dövrlərində göstərilən humanitar yardım üçün dərin minnətdarlığını bildirir”, – deyən İqor Jovkva bu addımın Kiyevlə Bakı arasındakı strateji tərəfdaşlığın möhkəmliyinin daha bir sübutu olduğunu vurğulayıb.
Qeyd edək ki, Ümumdünya “Vışivanka” (milli ornamentli Ukrayna xalq geyimi) Günü münasibətilə Vladimir Zelenski və Yelena Zelenskaya Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya ənənəvi Ukrayna “Vışivanka”sı hədiyyə ediblər.